Kərə yağı alarkən diqqətli olun!
08 İyun 2011 Çərşənbə 17:38
İİN: "Kərə yağı alarkən onun keyfiyyətinə diqqət yetirmək lazımdır".
Gündəlik istehlak etdiyimiz kərə yağı tərkibində 72-83 faiz yağ, 16-25% su və 1% quru yağsız süd qalığı olan qatılaşdırılmış süd məhsuludur. Kərə yağında mineral maddələr, vitaminlər, xolesterin və s. var. Məhz bunlar da ona xüsusi dad və ləzzət verir. Kərə yağının duzlu, duzsuz, həvəskar, kəndli, pəhriz, əridilmiş və s. növləri var. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara məsləhət verir ki, yağ alarkən onun keyfiyyətinə diqqət yetirmək lazımdır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bunun üçün bəzi məlumatları bilmək lazımdır.

Yağ hissəcikləri kristalik, duru və amorf vəziyyətdə olurlar. Qidalılıq dəyəri yağın tərkibindəki yağ turşularının kəmiyyət və keyfiyyətindən, vitaminlərin və digər bioloji fəal maddələrin miqdarından asılıdır. Yağın keyfiyyəti orqanoleptik və kimyəvi göstəricilərinə görə qiymətləndirilir. Keyfiyyətli kərə yağı xarakterik təmiz dada və qoxuya malik olmalıdır. Kənar dad və qoxunun olmasına yol verilmir. Konsistensiya 10-12ºC temperaturda bərk, həmcins, kəsimində səthi parıltılı, dənəvər, əridildikdə tam şəffaf və çöküntüsüz, görünüşü quru olmalıdır. Rəngi ağdan açıq sarıya qədər və bütün kütlə boyu eyni olmalıdır.

Yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti vardır. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhluluyla isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır.

Qablaşdırılan yağ etiketlənməli və üzərində istehsalçının adı, emal tarixi, yağın adı, yağın kütlə payı, çəkisi, növü, standartı, digər normativ-texniki sənədin nömrəsi, tərkibi, saxlanma müddəti, temperaturu, enerji dəyəri və s. məlumatlar qeyd olunmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər.

Yağ ancaq avtorefrijeratorlarda 4-5ºC-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır.

Yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var. Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 –mənfi 3ºC temperaturda 1 ilə qədər saxlanıla bilər.

Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində isə yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır.

Kərə yağının qüsurlu olması özünü daha çox onun dadında, qoxusunda, xarici görünüşündə, konsistensiyasında, rəngində büruzə verir. Bu qüsurların bəziləri istehsal prosesi zamanı, bəziləri isə saxlanma müddətində yaranır.

Yağın saxlanmasından qaynaqlanan qüsurlar əsasən temperaturla əlaqədar əmələ gəlir. Belə ki, müsbət temperatur şəraitində saxlanılan yağın dadı və qoxusu dəyişir, uzun müddət saxlandıqda isə tamamilə yararsız vəziyyətə düşür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar