İsmixan Yusubovun “Erməni dosyası” kitabı işıq üzü görüb
09 Sentyabr 2011 Cümə 17:42
Türkiyədə yaşayan soydaşımız İsmixan Yusubovun “Erməni dosyası” kitabı işıq üzü görüb
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin Sakarya Universitetində işləyən azərbaycanlı İsmixan Yusubovun “Erməni dosyası” kitabı işıq üzü görüb. Kitab Klubundan APA-ya verilən məlumata görə, bir neçə dərslik, elmi və elmi – publisistik kitabların müəllifi, müstəqillik mübarizəsinin fəal iştirakçısı olan riyaziyyatçı həmyerlimiz İsmixan Yusubovun müəllifi olduğu bu kitab “MBM” nəşriyyatında nəşr olunub. Kitab əsasən “Qarabağ tərəzisi”nin Azərbaycana aid gözünə “bir misqal ağırlıq” əlavə etmək və Qafqazda erməni ekspansionizminə qarşıqoymaq yolunda çalışanlara az da olsa yardım edə bilmək istəyindən yaranıb. Kitabın əsasını müəllifin 1990-cı ildə rus və azərbaycan dillərində 30 min tirajla çap olunaraq keçmiş SSRİ-də və dünyanın bir çox ölkəsində yayılmış “Dosta məktub” və 2002-ci ildə çap olunmuş “Pismo Druqu – Postskriptum” əsərləri təşkil edir. Əvvəlki kitablar kiril əlifbası ilə nəşr edildiyindən, xüsusən indiki gənc nəslin diqqətindən kənarda qaldığı üçün latın qrafikası ilə nəşr olunmuş yeni kitab oxucu üçün daha faydalı olacaq. Bundan başqa 20 yanvar hadisələrindən sonra fövqəladə rejim şəraitində çap olunan “Dosta məktub” kitabında ixtisara düşmüş parçalar yeni nəşrdə öz yerini alıb və “Postskriptum” əsəri ilk dəfə Azərbaycan dilində oxucuların mühakiməsinə verilib.
Kitabda həmçinin 20 yanvar faciəsi ilə bağlı müəllifin bəzi düşüncələri və erməni məsələsi ilə bağlı
Türkiyədə keçirilən milli və beynəlxalq konqreslərdəki çıxışları da öz əksini tapıb. Kitabda “Dosta məktub” haqqında akademik Aslan Aslanov və AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin vaxtilə yazmış olduqları rəylər də ilk dəfə olaraq oxuculara təqdim olunur.
DOSTLARINLA PAYLAŞ: