İİV-ə yoluxmuş şəxslərin nəzərinə!
29 Aprel 2011 Cümə 12:45
Azərbaycan hökuməti İİV-ə yoluxmuş şəxslərin müayinə və müalicəsi ilə bağlı qərar qəbul edib.
Azərbaycan Nazirlər Kabineti "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar qəbul edib. ANS PRESS-in qurumun rəsmi internet saytına istinadən xəbər verir ki, qərara əsasən "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması Qaydası" təsdiq edilib.
Qaydalara görə, İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə (prezervativlərlə) təminatı onlara ərazi üzrə xidmət göstərən İİV/QİÇS-lə mübarizə xidməti müəssisələri (Respublika QİÇS-lə Mübarizə Mərkəzi, regional mərkəzlər) və ambulator-poliklinika şəbəkəsinin infeksion xəstəliklər kabinetləri tərəfindən həyata keçirilir. İİV-li xəstənin qoruyucu vasitələrə olan fizioloji tələbatı müalicə və müşahidə edən həkim tərəfindən fərdi qaydada müəyyənləşdirilir, onun miqdarı, təchizat dövrü (adətən aylıq) təyin edilir. İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə təminatı onların İİV statusu haqqında məlumatın konfidensiallığının qorunması şərtilə pulsuz qaydada həyata keçirilir. Penitensiar müəssisələrdə saxlanılan İİV-lə yaşayan şəxslərin qoruyucu vasitələrlə (prezervativlərlə) təminatı həmin müəssisələrin tibb xidməti tərəfindən bu Qaydaya uyğun həyata keçirilir.
Bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı" təsdiq edilib.
İİV-lə yaşayan şəxslərin səhhətinə mənfi təsir göstərən, immun sistemini zəiflədən peşə və vəzifələr aşağıdakılardır:
1. yüksək, yaxud aşağı temperatur və təzyiq altında (isti, soyuq, kesson və yüksəklik şəraitli iş yerləri), vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesi olan peşə və vəzifələr;
2. kimya sənayesi sexlərində (laklar, boyalar, plastmas, dəri istehsalı, neft-qaz-kimya prosesləri, sement, toz istehsalı və s.), kimya-əczaçılıq (dərman preparatları), kimya-biologiya (vaksinlər, zərdablar, bioaktiv tədqiqat və müalicə materialları) müəssisələrində bilavasitə kimyəvi amillərin orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;
3. sənaye, mədən və digər istehsalat sahələrində, mədənçıxarma obyektlərində (kömür, neft, qaz, filiz), sənaye (turşular, reaktivlər, polimerlər istehsalı və s.) müəssisələrində aerozolların və digər maddələrin bilavasitə orqanizmə zərərli təsiri ilə bağlı olan peşə və vəzifələr;
4. fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr;
5. tibb müəssisələrində invaziv müdaxilələrlə məşğul olan (başqalarını yoluxdurmaq riski yüksək olan) bütün peşə və vəzifələr.
Nazirlər Kabinetinin qərarı ilə "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi" təsdiq edilib. Bura laboratoriya müayinələri, əlavə müayinələr və sahələr üzrə mütəxəssislərin konsultasiyaları, ARV-terapiya tətbiq olunan xəstələrdə müalicənin monitorinqi üçün təkrar müayinələr nəzərdə tutulur. (tam siyahı nazirliyin saytında (cabmin.gov.az) yerləşdirilib red.)
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması qaydaları da təsdiqlənib. İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə təminatı onlara ərazi üzrə xidmət göstərən ambulator-poliklinika şəbəkəsi tərəfindən sahə həkiminin (pediatr) və ya ailə həkiminin nəzarəti altında həyata keçirilir. Penitensiar müəssisələrdə saxlanılan İİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə təminatı həmin müəssisələr vasitəsilə hər ikisinin İİV statusu haqqında məlumatın konfidensiallığının qorunması şərtilə pulsuz qaydada həyata keçirilir. Süni qidalanan bir yaşadək uşaqlar qida məhsulları (süd qarışıqları və digər qida normaları) ilə 15 gündən bir təmin olunurlar.
Yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə aşağıdakılar həyata keçirilməlidir
1. inyeksion narkotik istifadəçilərinin steril şpris, iynə və digər ləvazimatlarla təmin edilməsi;
2. opiod asılılığı olan narkotik istifadəçilərinin əvəzedici terapiyaya cəlb edilməsi;
3. qrup nümayəndələri üçün İİV-lə yoluxma yolları, onun qarşısının alınması üsulları, təhlükəsiz davranış haqqında məlumat-landırma və maarifləndirmə tədbirləri;
4. İİV-ə yoluxmanın profilaktikası (tibbi-profilaktik maarifləndirmə) məqsədi ilə könüllü testləşdirmə və məsləhətləşmənin genişləndirilməsi;
İİV-ə yoluxmuş şəxslər tərəfindən İİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilir:
1. İİV-ə yoluxmuş inyeksion narkotik istifadəçilərinin steril şpris, iynə və digər ləvazimatla təmin olunması;
2. İİV-ə yoluxmuş şəxslərə İİV-in cinsi yolla ötürülməsinin profilaktikası məqsədi ilə qoruyucu vasitələrin paylanması;
3. İİV-lə yoluxma yolları, onun qarşısının alınması üsulları, təhlükəsiz davranış haqqında məlumatlandırma;
4. İİV-li şəxslərin infeksiyanın yayılmasının profilaktikası məqsədi ilə antiretrovirus terapiyasına cəlb olunması;
5. İİV-li şəxslərin ikincili xəstəliklərinin (A və B hepatitləri) müayinəsi, onlara qarşı peyvənd olunması və müalicəsi (vərəm, B, C hepatitləri). ANSPRESS
DOSTLARINLA PAYLAŞ: