Haitidə vəba qurbanlarının sayı 2200 nəfəri ötdü
14 Dekabr 2010 Çərşənbə Axşamı 04:37
Qorxulu xəstəliyə 103 min 347 yoluxma halı qeydə alınıb
Haitidə oktyabrdan tüğyan edən vəba epidemiyası nəticəsində ölənlərin sayı 2200 nəfəri ötüb. Artıq ölkənin bütün departamentləri xəstəliklə əhatə olunub. Bu barədə məlumatı Haitinin Səhiyyə Nazirliyi yayıb.

Nazirliyin dekabrın 13-nə olan məlumatına görə, vəbaya 103 min 347 yoluxma halı qeydə alınıb. Epidemiya başlayandan indiyədək 2 264 nəfər dünyasını dəyişib.

Amerika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin Haitidəki vəziyyətdə bağlı hesabatında deyilir ki, bəzi hallarda xəstəliyin ilkin simptomları ilə ölüm arasındakı müddət cəmi bir neçə saat təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri isə bədbin proqnoz veriblər: yaxın bir il ərzində Haitidə vəbaya yoluxanların sayı 400 min nəfərə çata bilər.

Haitinin şimal-qərbində vəba epidemiyası oktyabrın ortalarında başlayıb. Səhiyyə Nazirliyinin xahişi ilə Haitiyə səfər edən fransalı epidemioloq Reno Pyaru bildirib ki, epidemiya ocağı Nepaldan olan BMT sülhməramlılarının düşərgəsi olub. Fransalı alimin gəldiyi nəticələrlə Haiti sakinlərinin ehtimalları üst-üstə düşüb. Sakinlər də nepallı sülhməramlıları vəbanın yayılmasında günahkar hesab edirlər. Nepal ordusunun komandanlığı isə Reno Pyarunun hesabatını kəskin tənqid edib və bildirib ki, hesabat istisnasız olaraq ehtimallara əsaslanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar