Göz diabet xəstəsinə amputasiyanın lazım olduğunu deyəcək
29 Mart 2011 Çərşənbə Axşamı 14:54
Yalnız bir baxış kifayətdir
Yalnız bir baxış diabetlə bağlı əsəb pozğunluğunun müəyyənləşdirilməsi üçün kifayətdir. Bu cür pozğunluq diabet xəstələrinin 50 %-də müşahidə olunur. Bu, ayrı-ayrı hallarda ətraflarda hissiyyatın itirilməsi, hətta amputasiya ilə də nəticələnir. Bu barədə New Scientist jurnalı yazıb.
Əsəb tellərinin zərər çəkməsi adətən invaziv testlər - əsəb və toxuma biopsiyası vasitəsilə müəyyənləşdirilir. Kvinslend Texnoloji Universitetindən Natan Efron həmkarları ilə birgə bu üsulu dəyişdirmək istəyir. O, mövcud metodlara alternativ qeyri-invaziv üsul hazırlayıb.
Diabet periferik əsəb sisteminə təsir edir, amma Efron güman edir ki, diabet gözün buynuz təbəqəsinə də xarakterik ziyan vura bilər. Alim gözün buynuz təbəqəsinin mikroskopiyasını tətbiq edərək sistemin effektivliyini sübut edib. Məlumdur ki, buynuz təbəqəsi zədələnmiş diabet xəstələrinin ətraflarında hissiyyat da aşağı olur. Üstəgəl, sinir lifləri də sağlam insanlara nisbətən daha qısa olur.
Belə ki, diabet xəstələrində periferik sinir lifləri öz funksiyasını itirir. Qanda şəkərin çoxluğu əllərdə və ayaqlarda qan dövranını azaldır. Nəticədə əsəb tellərinə oksigen çatışmır. Alimlər müəyyənləşdiriblər ki, bu nəinki periferik əsəb sisteminin, həmçinin gözün buynuz təbəqəsinin degenerasiyasına səbəb olur. Bu məlumatlar əsasında təcrübədə istifadəyə hazır kliniki test işlənib.
Mançester Universitetinin Rayaz Malikin qrupu isə öz növbəsində əsəb tellərinin müxtəlif dərəcədə pozulmasını aydınlaşdırmaq üçün gözün buynuz təbəqəsinin mərkəzi hissəsinin təsvirini müqayisə etməyə imkan verən kompüter proqramı hazırlayıb. Test hazırda bir neçə hospitalda təcrübədən keçirilir.
DOSTLARINLA PAYLAŞ: