Qadağan olunmuş belə məhsulların bazarlardan tam yığışdırılması üçün monitorinqlər keçiriləcək.
Əslində müəyyən xəstəliklərin yaranmasında gündəlik istifadə etdiyimiz qidaların da öz payı var. Mütəxəssislərə görə, məhz keyfiyyətsiz ərzaqlar xəstəliyin aktivləşməsi üçün münbit şərait yaradır. İmmun sisteminin qüvvə mənbəyi olan meyvələrin yanlış seçimi isə orqanizmə çox baha başa gəlir. Son illər geni modifikasiya olunmuş meyvələrin bazarlara yol tapması təhlükəni daha da artmasından xəbər verirdi. Lakin bunun da əlacı tapıldı. Artıq ölkəyə belə meyvələrin gətirilməsi qadağan olunub.
Hazırda geni dəyişdirilmiş məhsulların nəzarətdə saxlanılması və bazarlardan tam yığışdırılması üçün əlaqədar 20 istiqamət üzrə monitorinqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin müdiri Mehrac Abbasovun sözlərinə görə, monitorinqlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi qaydası”na əsasən aparılacaq və il ərzində 3 dəfə keçiriləcək.
Artıq tədqiqatların aparılması üçün Biotexnologiya şöbəsinin nəzdində laboratoriya yaradılıb. Eyni zamanda, bu məhsulların ölkədə aşkarlanması, yayılmasının qarşısının alınması üçün 4 dövlət qurumu - Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə Nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət ekspert şurası fəaliyyətə başlayıb. Tədqiqatlar AMEA-nın mütəxəssisləri ilə birlikdə aparılacaq. Artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları komitədə yaradılan laboratoriyada ilkin tədqiqat işi aparıblar.
Hazırda “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” milli proqram hazırlanır və layihənin gələn ay Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulub.