Gəncədə 1 yaşlı uşaq ürək əməliyyatı keçirib
07 May 2010 Cümə 17:35
Mərkəzi Neftçilər Xəstəxanasının tibbi heyəti Gəncənin səhiyyə tarixində yeni səhifə açıb.
Gəncə şəhərində ilk dəfə olaraq açıq ürək əməliyyatlarının keçirilməsinə başlanıb. Gəncə Müalicə-Diaqnostika Mərkəzində keçirilən əməliyyatlar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən humanitar aksiya çərçivəsində təşkil olunur.

ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən aksiya bu gün start götürüb. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahiyyə briqadası bu gün 2 açıq ürək əməliyyatı aparıb. Sabah isə daha 2 əməliyyatın aparılacağı planlaşdırılıb. Onun sözlərinə görə, əməliyyat olunan xəstələrdən ən kiçiyi 1 yaş 3 aylıq körpədir.

Əməliyyatlara Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. O qeyd edib ki, regionlarda inşa olunan Müalicə-Diaqnostika Mərkəzlərində indiyədək 165 xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən çox xəstə üzərində angeoqrafiya müayinələri aparılıb. Onun sözlərinə görə, Gəncədə keçirilən aksiyada əməliyyat olunanların hamısı anadangəlmə ürək qüsuru ilə doğulanlardır. Onlardan 2-si körpə, 2-si gəncdir.

Xəstələrin ürəyindəki bütün qüsurlar aradan qaldırılıb. Hazırda onlar reanimasiya şöbəsində müalicə alırlar.

Açıq ürək əməliyyatları ilə bağlı növbəti aksiyalar Şamaxı və Quba rayonlarındakı Mərkəzi Diaqnostika mərkəzlərində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar