Dövlət tibb müəssisələri 166 adda pulsuz dərmanla təchiz olunur
29 Sentyabr 2012 Şənbə 11:57
“Azərbaycanın dövlət tibb müəssisələri 166 adda pulsuz dərman preparatı ilə təchiz olunur.
Əvəllər bu rəqəm 60 idi, sonra 120 oldu, indi isə 166-ya çatdırılıb. Dövlətin iqtisadi gücü artdıqca, bu preparatların sayı da artırıla bilər”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, güzəştli kateqoriyadan olan insanlar resept əsasında öz dərmanlarını Səhiyyə Nazirliyinin yaratdığı xüsusi dərman buraxılış məntəqələrindən ala bilərlər: “Dərmanların sayının az olması o demək deyil ki, xəstələr lazımi sayda dərman preparatları ilə təmin oluna bilmirlər. Sadəcə bir adda bir neçə şirkətin istehsal etdiyi dərmanlar ola bilər. Hazırda ölkədə xəstələrin müalicəsi üçün lazımi miqdarda dərman preparatları var”.
Nazir müavini onu da deyib ki, dağınıq skleroz xəstəliyi olan xəstələrin pulsuz dərman prepartları ilə təminatına gələn ildən başlanacaq: “Bu xəstəliyin müalicəsi üçün lazım olan dərmanlar, xüsusilə də interferon qrupundan olan preparatlar çox bahalıdır. Onların bir kurs müalicə alması minlərlə manatla ölçülür. Artıq bu xəstələrin ehtiyacları dövlət tərəfindən qarşılanacaq. Hazırda Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Səhiyyə Nazirliyində bununla bağlı proqram hazırlanıb”.
DOSTLARINLA PAYLAŞ: