Donuz əti yemək niyə qadağan edilib?
25 Oktyabr 2009 Bazar 14:55
Bu heyvanın əti bədxassəli şişin, baş-beyin iltihabı kimi ağır xəstəliyin əmələ gəlməsinə səbəb olur.
Məqaləmizi Allahın biz insanlara Qurani-Kərimdə olan göstərişləri ilə başlamaq istərdik: «O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və … (yeməyi) qəti haram etmişdir» (surə 2, ayə 173). «Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, … sizə haram edildi…» (surə 5, ayə 3). «Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini… haram buyurmuşdur…» (surə 16, ayə 115).

Çoxları deyir ki, nəyə görə qoyun əti yemək olar, mal olar, toyuq olar, ancaq donuz olmaz, o da heyvandır da! Bəziləri isə donuz ətinin faydalı olduğunu düşünürlər. Onların fikrincə, Məhəmməd Peyğəmbərin (s.ə.s) zamanında soyuducu olmadığından donuz əti tez xarab olurdu. İndi isə bir çoxları bu əti yeyir və onlara heç nə olmur. Lakin gördüyümüz kimi, Qurani-Kərim donuz ətini yeməyi qadağan edir. Sizin üçün də, yəqin, maraqlıdır: Allah nəyə görə donuz ətini yeməyi qadağan edib?

İnsan hər şeydən öncə bunu bilməlidir ki, Allah tərəfindən qoyulan hər bir qadağa yalnız insanın xeyrinədir. Allahın bu qadağasının əsl səbəbini, əlbəttə, yalnız və yalnız Allahın Özü bilir. Ancaq səbəb nə olur-olsun, insanın xeyri üçündür. Allaha, Onun nazil etdiyi Qurana iman gətirən hər bir kəs üçün bu məsələdə zərrə qədər də şəkk-şübhə yoxdur! İlk növbədə, Allah bu qadağa ilə insanın onun göstərişinə əməl edib-etməyəcəyini öyrənir, yəni insanı sınağa çəkir. Allaha imanı olan və Onun buyruğunu rəhbər tutan hər kəs birmənalı olaraq donuz əti yeməkdən çəkinəcək. Niyə? Çünki Allah «yemə!» buyurub. Bu baxımdan da insana baş sındırıb Allahın bu qadağanı nəyə görə etdiyini araşdırmağa dəyməz. Ən doğrusunu Allah bilir! Allah Quranda buyurur: «Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək» (surə 18, ayə7). Bəlkə də donuz ətini yemək qadağası elə Allahın ən böyük sınaqlarından biridir…

Donuz əti xeyirlidir?

Allahın qadağa qoyduğu donuz barədə tarixən saysız-hesabsız araşdırmalar aparılıb. Onu da qeyd etmək lazımdır ki, donuzu yemək qadağası İncildə də yer alır. Bir çoxları bundan xəbərsiz olsalar da, İncildə aşkar şəkildə donuz əti yemək qadağan edilib: «Lakin gövşəyən, yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: …Donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır» (İncil. Levililər - fəsil 11: 4, 7-8).

Bir sıra elmi tədqiqatların nəticələri göstərmişdir ki, donuz ətinin insan orqanizmi üçün çox böyük zərəri var. Buna baxmayaraq insanlar yenə də bu ətdən istifadə edirlər. Alimlər bildirirlər ki, donuz əti yeyən insan trixinelloz xəstəliyinə yoluxa bilər. Bu xəstəliyin törədiciləri donuzun orqanizmindəki «trixinella» parazitidir. Yoluxmuş donuz əti ilə qidalanmadan 2-3 həftə sonra trixinelloz xəstəliyi baş qaldırır. Adıçəkilən parazitləri ətdə, demək olar, məhv etmək mümkün deyil. Yüksək və aşağı temperatur onlara təsir elə bilmir. Bu baxımdan da bir çoxlarının «o zaman soyuducu olmayıb» kimi iddiaları yersiz görünür. Soyuducu və refrijeratorlar belə bu problemin qarşısında acizdir.

Donuz əti yemək bədxassəli şişin əmələ gəlməsinə səbəb olur
Donuz orqanizmində başqa viruslar da yaşayır. Ensefalit (baş-beyin iltihabı) kimi ağır bir xəstəliyin virusları donuzdan qansoran həşəratlar vasitəsilə insanlara yoluxur. Ensefalit iflic, udma və tənəffüs proseslərinin pozğunluğu, psixikanın pozulması, bəzən isə hətta ölümlə də nəticələnə bilər. Hətta alimlərin qənaətinə görə, piyli donuz hüceyrələri mədə şirəsində həzm olunmur, yad cism kimi insan orqanizmində qalaraq, sonradan bədxassəli şişin yaranmasına səbəb olur. Özü də nəzərə almaq lazımdır ki, donuz ətinin zərəri dərhal deyil, müəyyən bir vaxt keçdikdən sonra özünü göstərə bilər.

Bizə ancaq tibb elminin üzə çıxardığı zərərlər məlumdur. Özü də bugünkü elmə məlum olan çərçivədə. Ancaq Allah daha yaxşı bilir, donuz ətinin istifadəsi daha neçə-neçə mənfi nəticələrə səbəb ola bilər. Sadəcə, əgər insan Allaha inanırsa, Ona etibar edirsə, Onu özünə dost bilirsə, onda Onun göstərişlərinə də inanıb əməl etməlidir. Tam əmin olaraq ki, bu onun xeyrinədir! Çünki Allah insanıları sevir və onların ziyan görməsini istəməz. Ən doğrusunu Allah bilir!..
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar