Dondurma alarkən diqqətli olun!
25 May 2010 Çərşənbə Axşamı 20:15
Satışa çıxarılan bütün dondurmaların keyfiyyətinə zəmanət verilmir.
Artıq yay öz qızmar günəş şüaları altında həyatımıza daxil olmaqdadır. Demək, yay mövsümü ilə əlaqədar olaraq addımbaşı dondurma soyuducularını görməyə alışmaq vaxtıdır. Lakin yediyimiz dondurmanın keyfiyyət göstəricilərini nəzərə alırıqmı? Elə bu sualla sakinlərə müraciət etdik. Məsələ ilə bağlı münasibət bildirənlərin fikirləri demək olar ki, eyni oldu. Çoxu yayın qızmarında sərinləmək üçün yediyinin nəinki keyfiyyətinə, heç tərkibinə belə fikir vermir. “Təki dondurma olsun, nə fərqi var içinə nə vurulub” söyləyən Günay Qasımova adlı respondentimiz keyfiyytə gəlincə, bütün ərzaqlar kimi dondurmanın da keyfiyyət baxımından aşağı olduğunu düşünür. Qəribə olsa da, apardığımız sorğuda respondentlərin əksəriyyəti bu fikirdə oldu. Yalnız Nigar Axundova dondurma yeyərkən dadı ilə bərabər onun keyfiyyəti ilə maraqlandığını dedi.

Satıcılar isə dondurmaların firmalar tərəfindən gətirildiyini və bütün məsuliyyətin onların üzərində olduğunu vurğuladı. Dondurmanın köhnəliyinə gəlincə, satılmayan məhsulların firma tərəfindən geri götürüldüyünü bildirən satıcılar özlərini sadəcə istehsalçı ilə istehlakçı arasında vasitəçi sayırlar.

Dondurmalarla bağlı “AER” firmasının direktoru Məcnun Məmmədov hazırda paytaxtda üç dondurma istehsalçının olduğunu bildirdi. “Dondurma əsasən qarışıq hazırlanır. Şəkərdən, süddən və yağdan istifadə olunur. Südün növünə gəldikdə, bu, istehsalçının özündən asılıdır. Bu həm quru, həm də təbii süddən hazırlana bilər. Qismən quru, qismən də təbii ola bilər. Qarışıqlar bişirilir və soyutmaya verilir. Soyutmada müsbət 4-5 dərəcədə qaldıqdan sonra əldə olunmuş məhsul freyzer (dondurma) prosesindən keçirilir. Dondurma freyzerdən çıxdıqda, mənfi 18-20 dərəcədə olur. Mənfi 18 dərəcədə çıxan dondurma yumşaq halda olur və dondurmaya istənilən forma verilir. Daha sonra şoplama prosesinə daxil olur və müxtəlif formalara salınır. Bu proses mənfi 40 dərəcədə aparılır”,- deyə o vurğuladı.

Məcnun Məmmədovun sözlərinə görə, dondurmanın əsas keyfiyyəti onun yağlılığı ilə müəyyən olunur: "Yağlılıq 18% olmalıdır. Əlavə meyvə aromatı, vanilin vurula bilər. Dondurmanı uzun müddət möhkəm saxlamaq üçün emulqator vurula bilər. Əslində dondurmalar açıq şəkildə deyil, qablaşdırılmış halda satışa çıxarılmalıdır. Biznes baxımından da açıqda dondurma satışı sərfəli deyil. Dondurmaların saxlama müddəti mənfi 18 dərəcədə 10 aya qədər, mənfi 24 dərəcədə bir ilə qədər saxlanıla bilər. Satışda isə mənfi 10 dərəcə altında 10 gün saxlanıla bilər. Amma mənfi 3-4 dərəcədə 5 gündən artıq saxlanıla bilməz. Dondurmaların üstündə mütləq istehsal müddəti və son istifadə müddəti qeyd olunmalıdır. Mütləq şəkildə istehsalçının hüquqi ünvanı və əlaqə telefonu göstərilməlidir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev ANS PRESS-ə açıqlamasında mövsümlə əlaqədar olaraq onlar tərəfindən dondurmaların istehsalında sanitariya qaydalarına riayət olunması məsələlərinin araşdırılmağa başlanıldığını bildirdi. “Artıq dondurmaların istehsalında sanitariya qaydalarına riayət olunması məsələlərinin araşdırılmasına başlanılıb. Satışda olan dondurmaların laborator tədqiqatlarına da başlanılıb. Süd və yağ əsaslı dondurmalar əsasən tez xarab olan məhsullardır. Bu üzdən onun saxlanılması və satışı xüsusi rejim tələb edir. Əgər bu rejimə riayət olunmursa, o zaman məhsulun keyfiyyətindən söz belə gedə bilməz. İstehsal sahələrindən, texnologiyasından asılı olaraq dondurma istehsalçıları əgər yeni avadanlıqlar vasitəsilə məhsul istehsal edirlərsə, burada keyfiyyətdən danışmaq olar. Bəzən belə istehsal müəssisələrində də müəyyən nöqsanlar aşkar olunur. Lakin nəzərə almaq lazımdır ki, dondurma istehsalı ilə təkcə müasir avadanlıqlara malik böyük fabriklər deyil, kiçik sexlər də məşğul olur. Kiçik sexlər əsasən açıq şəkildə dondurma istehsal edir. Bununla yanaşı açıqda olan vafli stakanlarda istehsal olunan dondurmalar da mövcuddur. Belə dondurmaların çirklənmə riski böyükdür. Amma plastik qablarda, germetik üsulla qablaşdırılma zamanı dondurmaların keyfiyyəti və çirklənmə riski yoxdur” söyləyən İmran Abdullayev 41 adda dondurma nümunəsindən götürülən yoxlamaların nəticəsində 17 nümunədə baktereoloji çirklənmə aşkarlandığını bildirdi.

Dondurma kütləsi açıq halda satılırsa, onların mütləq çirklənməyə məruz qaldığını söyləyən İ.Abdullayev onların Səhiyyə Nazirliyi tərəfindən icazə verilən polietilen maddələrlə örtülü satışı zamanı çirklənmə riskinin olmamasını vurğuladı. “Dondurmalar südlü, yağlı, qaymaqlı, eyni zamanda meyvə əsaslı olmalıdır. Burada söhbət müxtəlif meyvə aromatlarından da istifadə oluna bilər. Belə dondurmaların saxlanma müddəti də fərqlidir. Dondurmanın uzun müddət saxlanılması üçün mənfi 25 dərəcə tələb olunur. Amma qısa müddət saxlamaq üçün mənfi 10-12 dərəcə lazım gəlir. Lakin satışda belə dondurmalar ən aşağı mənfi 4-5 dərəcədə az müddətdə saxlanılmalıdır. Ümumiyyətlə, növündən asılı olmayaraq dondurmalar mənfi 25 dərəcə altında bir aydan çox saxlanılmamalıdır. Amma satışda mənfi 4-5 dərəcə altında saxlanılan dondurmalar ən çox 5 gün saxlanıla bilər. Hazırda Rusiyadan, Türkiyədən dondurmalar gətirilir. Bizim üçün eyni önəm daşıyan dondurma məhsullarının keyfiyyəti birbaşa onların saxlanma müddəti və şəraitindən asılıdır. Dondurmanın istehsalı üçün süd alınmalıdır, təmizlənməlidir, tərkibinə lazım olan qatqılar qatışdırılaraq soyudulmalıdır. Müəyyən qatqılarla qarışdırılandan sonra söyudularaq qablaşdırılmalıdır” söyləyən dövlət rəsmisi dondurmanın əl dəymədən qablaşdırılmalı olduğunu xatırlatdı.

Dondurmaların keyfiyyəti haqqında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ANS PRESS-ə açıqlamasında açıqda satılan məhsulların həm saxlanma müddətinin, həm də saxlanma şəraitinin düzgün olmadığını bildirdi. “Istehlakçılar bilməlidir ki, dondurmalar satışda ən çox 7 gün saxlanıla bilər. Bu zaman dondurma mənfi 5 dərəcə altında qorunmalıdır. Mənfi 3-4 dərəcədə satılan dondurmalar 3-5 gündən artıq saxlanılarsa, onun tərkibində kimyəvi reaksiyalar gedir. Dondurma ətraf mühitlə tez reaksiyaya girə bilir. Məhz ona görə də dondurmalar heç zaman açıqda satıla bilməz. Dondurmalar yüksək kalorili süd məhsuludur. Dondurma yeyilən zaman təzə qaymaq dadı verməlidir. Lakin Azərbaycanda satılan dondurmaların əksəriyyəti boğazda acılıq yaradır. Bu o deməkdir ki, bu məhsulun istehsalı zamanı quru süddən, vaxtı keçmiş süddən, bitki və marqarin yağlarından istifadə olunub” söyləyən Eyyub Hüseynov istehlakçılara dondurma alarkən mümkün qədər diqqətli olmağı məsləhət gördü.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ANS PRESS-ə açıqlamasında dondurma istehsalı ilə əlaqədar mütamadi olaraq monitorinqlərin aparıldığını bildirdi: “Reydləri və yoxlamaları artırmışıq. İndiyə kimi dondurma istehsal edən iki müəssisədə neqativ faktlar aşkar olunub. Dondurma istehsalında istifadə olunan xammalın mənşəyinin məlum olmaması, məhsulların uyğunluq sertifikatı olmadan satışa çıxarılması, markalanmada istehsal tarixinin göstərilməməsi, kustar üsul ilə, primitiv cihazlar vasitəsilə dondurmanın qablaşdırılması halları aşkar olunub. Bununla da həmin müəssisələrin fəaliyyəti dayandırılmışdır. İndi də monitorinqlərimiz davam edir. Bu monitorinqlərdə xaricdən gətirilən dondurmalara da nəzarət edilir. Yoxlamalar indi də davam etdirilir və etdiriləcək. Bu işdə satıcılar da böyük məsuliyyət daşıyır”.

F.Talıblı qeyd etdi ki, dondurmalar yağlılığına görə üç qrupa ayrılır. "Az, orta və çox yağlı. Dondurmada istifadə olunan yağ kərə yağı olmalıdır. Məhsulun hazırlanmasında bitki və digər yağların istifadəsi yolverilməzdir. Dondurma alarkən əgər onun keyfiyyətinə şübhə edirsinizsə, o zaman uyğunluq sertifikatı tələb edin. Uyğunluq sertifikatı olmadan satışa çıxarılan bütün dondurmaların keyfiyyətinə zəmanət verilmir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar