Bu gün onlarla insan həyatı xilas edildi
08 Sentyabr 2010 Çərşənbə 16:50
Orucluğun axırıncı günündə qanvermə aksiyalarına start verilib.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun mərkəzi qan bankında qan qıtlığı yaranıb. Buna səbəb orucluqla əlaqədar qan verən insanların sayının kəskin azalmasıdır. Bankda yaranan qıtlıq isə qan azlığından əziyyət çəkən xəstələr üçün böyük risq deməkdir. Lakin orucluğun axırıncı günündə qanvermə aksiyalarına start verildi. Təşəbbüskar isə Gənclər və İdman Nazirliyi oldu. Nazirliyin yüzə yaxın əməkdaşı qanvermə aksiyasında iştirak etdi. Məqsəd qana ehtiyacı olan şəxslərin tələbatını az da olsa ödəməkdir. Mərkəzi Qan Bankının baş həkimi İlhamə Zeynalova Ramazan ayında, qana böyük ehtiyac duyulduğu vaxtda bu addıma görə aksiyanın iştirakçılarına təşəkkür etdi.

“Hemofiliyadan əziyyət çəkənlər üçün qan ehtiyatı yaradılır. Bilirsiniz ki, orucluq ayı ilə bağlı qanvermə kampaniyaları zəifləyib. Bu gün yığılan qan talassemiyadan əziyyət çəkən uşaqlara veriləcək”, - deyə İlhamə Zeynalova vurğuladı.

Baş həkimin sözlərinə görə, 18-65 yaş arasında sağlam insanlar ildə 3-4 dəfə qan verə bilərlər. Həkimlər məsləhət görür ki, qan verməzdən əvvəl çoxlu maye, qida qəbul etmək, qan verən günü 12 saat ərzində fiziki işdən çəkinmək, mədəni boş qoymamaq lazımdır.

Aksiya iştirakçıları qan verməkdən məmnun olduqlarını bildiriblər. “Bu gün heç olmasa azı 50 nəfər burada iştirak edir. Çox vacib aksiyadır. Qan vermək həm də insan orqanizmini təmizləyir”, - deyə aksiya iştirakçısı Mirkamil Rəhimov vurğuladı.

İslam dinində də qanvermə savab sayılır. Amma, oruc tutanlar qan verə bilməz. Bu həm orucu batil edir, həm də zəiflik yaradır. Həkimlərin sözlərinə görə, bir dəfə qan verən adam 3 nəfərin həyatını xilas etmiş olur. Deməli, qan verənləri əsl xilaskar hesab etmək olar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar