Bakıda 3 çörək sexində yoxlama nələri üzə çıxardı?
16 Dekabr 2010 Cümə Axşamı 14:15
Çörəklər standartın tələblərinə uyğun olmayıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhərində normativ sənədin tələblərinə uyğun olmayan çörək istehsalının qarşısını alıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komitənin dövlət nəzarəti aparılması barədə sərəncamına əsasən İdarə əməkdaşları Bakı şəhəri, Yasamal rayonunda yerləşən fiziki şəxs M.Məmmədovun rəhbərlik etdiyi müəssisədə çörək istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb.
Müəyyən olunub ki, müəssisədə sanitar-gigiyenik vəziyyət qeyri-qənaətbəxşdir, xammalların saxlanma rejiminə düzgün riayət olunmur. Müəssisədən seçilib götürülmüş nümunələrin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) sınaqları göstərib ki, məhsul normativ sənədin (ГОСТ 27842-88) tələblərinə cavab vermir. Yoxlanılmış çörək məhsullarında fiziki-kimyəvi göstəricilərdən standartla nəzərdə tutulmuş yumşaq hissənin nəmliyi 43%-dən çox olmağa yol verilmədiyi halda, nümunədəki göstərici 46,9% müəyyən olunub.
Bakı şəhəri, Səbael rayonunda yerləşən “Azəri çörək” MMC-də İdarə əməkdaşlarının keçirdikləri monitorinq zamanı da bir sıra nöqsanlar aşkar olunub. Belə ki, müəssisədə xammal kimi istifadə olunan unun saxlanma rejiminə, texnoloji qaydalara riayət olunmadığı məlum olub. Aparılan sınaqlar zamanı çörək məhsullarının tərkibində nəmlik 47,2 faiz müəyyən olunub ki, bu da normativ sənədin tələblərinin pozulması deməkdir.
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Binəqədi çörək” MMC-də aparılan yoxlama zamanı isə müəyyən olunub ki, istehsal olunan məhsul üçün istifadə olunan xammallardan maya və duzun uyğunluq və gigiyenik sertifikatları mövcud deyil. AzTEST-də aparılan müayinə zamanı hazır məhsulun tərkibində nəmlik göstəricisinin standartın tələbindən çox olduğu aşkar olunub.
Hər üç halda qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlər görülüb.
DOSTLARINLA PAYLAŞ: