Azərbaycanda "Quş qripi" tapılmadı
11 Fevral 2011 Cümə 14:15
1481 baş quşun patoloji materialları müayinə edilib
“Quş qripi” xəstəliyinə görə ölkə ərazisində başlanmış keçirilmş ikinci monitorinqin nəticəsi açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat ximətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşunun patoloji materialı, 1 baş çöl quşunun qan nümunəsi, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1438 baş ev quşunun qan nümunəsi, eləcə də 20 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.
Qeyd edək ki, bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.
Xatırladırıq ki, “quş qripi” xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.
Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatçılıq hiss etdikləri anda yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin "Qaynar xətt"inə (Tel: 563-50-06) müraciət etsinlər. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirləri aparmağa yol verməsinlər. Eyni zamanda Dövlət Baytarlıq Xidməti xatırladır ki, heyvanlar, o cümlədən quşlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.
Dövlət Baytarlıq Xidməti bildirir ki, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində quşların diri formada, eləcə də quş əti və məhsullarının satışı qadağandır. Onu da xatırladır ki, ticarət üçün xüsusi ayrılmış yerlərdə (bazarlarda, yarmarkalarda) dövlət baytarlıq orqanlarında qeydiyyatda olan baytarlıq nəzarəti obyektlərində baytarlıq normalarına cavab verən, baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və müvafiq baytarlıq sənədlər ilə müşayiət edilən quş əti və onun məhsulları istisna olunur.
Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin fevralın 21-də başlanması nəzərdə tutulur.
DOSTLARINLA PAYLAŞ: