Aysu məhsulları da saxta çıxdı
10 Avqust 2010 Çərşənbə Axşamı 11:20
Aysuda sərinləşdirici içkilərin şəkər əvəzedicisilə hazırlandığı müəyyən edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Sumqayıt şossesi, 13-cü km-də yerləşən “Aysu Qida Sənaye LTD” MMC-də aparılan yoxlama zamanı müəssisənin anbarındakı məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində müəssisədə istehsal edilmiş “Aysu” əmtəə nişanlı şəkərli sərinləşdirici içkilərin etiketlərində məhsulun tərkibi barəsində düzgün olmayan məlumatların yerləşdirildiyi, bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi müəyyən edilib. Belə ki, müəssisədə istehsal edilmiş “Aysu” əmtəə nişanlı qazlı limon, albalı və şaftalı içkilərinin, “Aysu” əmtəə nişanlı kvasın, “Frutta” adlı qazlı tərxun, düşes və portağal aromalı içkilərin etiketlərində məhsulun tərkibində şəkər olduğu göstərilsə də, götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində həmin məhsulların şəkər əvəzedicisi ilə hazırlandığı müəyyən edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Aysu Qida Sənaye LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işlə bağlı araşdırmalarını davam etdirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar