265 kq dondurma məhv edilib
21 İyun 2010 Bazar Ertəsi 17:55
"AVTO" müəssisəsində istehsal edilən dondurmalarda bağırsaq çöpləri tapılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “AVTO” müəssisəsində istehsal edilən dondurmalardan götürülmüş nümunələrin laborator müayinəsi başa çatıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparılmış laborator müayinələr nəticəsində müəssisədə istehsal edilmiş “Plombir”, “Karvan” və “Eskimo” plombir dondurmalarında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının isə normadan çox, “Azərbaycan” plombir dondurmasında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformalar) aşkar edilib.

Bununla əlaqədar, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 265 kq dondurmanın məhv edilməsi və müəssisə tərəfindən istehsal edilmiş dondurmaların ticarət şəbəkəsindən yığılması barədə Dövlət Xidməti tərəfindən müəssisəyə icrası məcburi göstəriş verilib.
Dondurmaların etiketində saxlama müddətini normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilərək, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyi üçün “AVTO” müəssisəsi barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “AVTO” müəssisəsində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli dondurmaları almamağı tövsiyə edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar