2009-cu ildə Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunub
01 Fevral 2010 Bazar Ertəsi 13:00
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda HİV/AİDS xəstəliyi ilə bağlı ötən ilin nəticələrini açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, Azərbaycanda təkcə 2009-cu il ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 62,2 faizi, ümumilikdə isə 1987-01.01.2010-cu il tarixinə olan dövrdə bütün yoluxma hallarının 62,6 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
2009-cu il ərzində Azərbaycanda 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 437-si (96 faiz) Azərbaycan vətəndaşı, 18 nəfəri (4 faiz) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşından 362-si (82,8 faiz) kişi, 75-i (17,2 faiz) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub. Ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2264 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2174 nəfəri (96 faiz) Azərbaycan vətəndaşı, 90 nəfəri (4 faiz) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1819-u (83,7 faiz) kişi, 355-i (16,3 faiz) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 447 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 281 nəfər olub.
Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin sonunadək 2174 HİV-ə yoluxmuş insandan 637-si (29,3 faiz) Bakı şəhəri və Abşeron rayonunda, 1497-si (68,9 faiz) ölkənin digər 53 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,8 faiz) yaşayış yeri naməlumdur.
2174 nəfər Azərbaycan vətəndaşından 1395-də (64,2 faiz) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 509-da (23,4 faiz) heteroseksual, 16-da (0,7 faiz) homoseksual kontakt nəticəsində, 21-də (1 faiz) anadan uşağa keçməklə baş verib, 232 nəfərdə (10,7 faiz) yoluxma yolu naməlumdur.
1992-ci ildən 2009-cu ilin sonunadək Azərbaycanda 799 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 19 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 171 ailədə ər-arvad, 557 ailədə yalnız kişi, 51 ailədə isə yalnız qadın yoluxub.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirdiyi antiretrovirus terapiyasına hazırda 330 nəfər cəlb olunub. Onlardan 133 nəfərində müalicəyə 2009-cu ildə başlanılıb. APA
DOSTLARINLA PAYLAŞ: