Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Qadın, gözəllik və incəsənət” mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş sərginin açılışı və müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, Müasir İncəsənət Mərkəzi sərgi salonunda 3 gün ərzində keçirlmiş sərgidə müsabiqədə iştirak etmiş 40-a yaxın gəncin 120-dən çox foto işi geniş tamaşaçı kütləsinə təqdim olunub. Müsabiqə iştirakçılarından 3 müəllif I, II, və III yer üzrə qalib elan olunub. Digər 3 iştirakçı isə həvəsləndirici mükafatla təltif edilib. Həvəskar fotoqraf Nigar Dadaşovanın “Mən, sən və o” fotosu müsabiqənin qalibi olub. “Ana” fotosuna görə Natalya Əbilova 2-ci, “Ananın qızı” fotosunun müəllifi Alyona Bandurina isə üçüncü yeri tutub. Bundan əlavə 3 gənc müəllif, Əli Abdullayev, Şamil Talıbov, Məryəm Mirzəli-zadə həvəsləndirici mükafatın sahibi olublar. Müsabiqə qaliblərinə Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafatlar, hədiyyə və Fəxri Fərmanlar təqdim olunub.
Qeyd edək ki, müsabiqədə yaşı 14-29 olan gənclər, həvəskar və professional fotoqraflar iştirak edib. /ANS PRESS/