Əsərləri ən baha qiymətə satılan rəssamlar kimlərdir?
05 Fevral 2010 Cümə 17:50
Bu gün Azərbaycanda ən bahalı rəsm əsərinin qiyməti 60 min manatdır
Azərbaycan rəssamlarından kimin əsərləri ən baha qiymətə satılır? Bazarda ən çox hansı janrda çəkilmiş rəsm əsərlərinə tələbat var?

Əsərlərin qiyməti necə müəyyənləşdirilir və doğurdanmı Azərbaycan rəssamlarının əsərlərinə dünya bazarında maraq ölkəmizdə olan maraqdan daha çoxdur? Bu sualların cavabını tapmaq üçün araşdırma aparıb və maraqlı məlumatlar əldə edib.

Araşdırma zamanı məlum olub ki, Azərbaycanda əsərləri ən baha qiymətə satılan rəssam əməkdar incəsənət xadimi Sakit Məmmədovdur. Adı çəkilən rəssamın bir rəsm əsərinin qiyməti 30-40 min manat təşkil edir. Fransada yaşayan azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun da əsərləri 40-50 min, bəzən isə 60 min manata satılır. Rəssamın xaricdə yaşaması, əsərlərinin satışını orada həyata keçirməsinə imkan yaradır. Əsərləri baha qiymətə satılan rəssamlar sırasında Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da var. Xalq rəssamının bir əsərinin qiyməti orta hesabla 30 min manat təşkil edir. Ancaq bu qiymət əsərin ölçüsünə, mövzusuna görə dəyişə bilər. F.Xəlilovdan 10 min manat məbləğinə də rəsm əsəri almaq olar. Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov da əsərləri baha satılan rəssamlar arasındadır. Rəssamın əsərlərinin qiyməti 30-40 min manat ətrafında dəyişir. Rəssam Mirzə Mikayılovun da əsərlərinin qiyməti 20-30 min təşkil edir. İttifaqın katibi Ənvər Qarayevin əsərləri isə 15-20 min manat arasında satışa çıxarılır.

Kukla hazırlayan rəssamlar arasında ən çox gəlir əldə edən Elmira Aslanlıdır. Əldə etdiyimiz məlumata görə, Elmira Aslanlının bir kukla əsəri 15-20 min manata satışa çıxarılır.

Azərbaycanın mərhum rəssamların əsərləri də vaxt ötdükcə daha yüksək qiymətə satılır. Öyrəndik ki, bu gün bazarda görkəmli rəssam Səttar Bəhlulzadənin əsərlərinə çox böyük tələbat var. Səttar Bəhlulzadənin əl işləri 60 min, bəzən isə 100 min manata satılır.

Araşdırma zamanı məlum olub ki, rəsm əsərlərin konkret qiymətləri olmur, bu proses alıcı ilə rəssam arasında razılaşdırma yolu ilə həyata keçirilir. Azərbaycanın xalçaçı rəssamların əsərləri qeyd olunan qiymətlərdən də baha satılır.

Rəsm əsərinin qiyməti ölçüsündən, məziyyətindən, mövzusundan asılı olaraq dəyişir. Əsərlərin qiymətinin müəyyənləşməsi, daha doğrusu baha və ya ucuz satılmasında rəssamların aldığı fəxri adlar da təsir göstərir. Belə ki, xalq rəssamlarının əsərləri daha baha, əməkdar rəssamlarının əsərləri nisbətə aşağı, fəxri adları olmayan rəssamların əsərləri isə aşağı qiymətə satılır. Bu gün Azərbaycanda ən bahalı rəsm əsərinin qiyməti 60 min manatdır.

Azərbaycan rəssamlarının əsərlərinə vətəndən çox dünya bazarında daha çox tələbat var. Tanınmış Azərbaycan rəssamları adətən əsərlərini xaricdə satışa çıxarırlar. Azərbaycanın daxilində satılanlar ucuz əsərləri hər hansı xarici ölkədə daha baha qiymətə satmaq mümkündür. Dünya bazarında azərbaycanlı rəssamlar daha yüksək imicə malikdir. Xaricə getmək imkanı olmayan rəssamlar adətən öz əsərlərini işbazlara satırlar ki, sonuncu da Azərbaycanda ucuz qiymətə aldığı əsəri xaricdə nisbətən baha qiymətə satmağa müvəffəq olur.

Rəsm əsərləri arasında rəngkarlıq, eyni zamanda dekorativ-sənət janrında çəkilmiş əsərlər daha baha qiymətə satılır. Bu cür əsərlərin baha satılmasına səbəb belə əsərlərin çəkilməsinin daha çox zəhmət tələb etməsidir. Xaricdə əsərlərinə daha çox ehtiyac duyulan, daha doğrusu ən çox əsərləri satılan rəssamlar arasında Sakit Məmmədov və Eldar Mikayılovun adını qeyd etmək olar.

Xalçaçı rəssamlar arasında əsərlərinə daha böyük ehtiyac olan Eldar Mikayılov, Aydın Rəcəbov və Eldar Hüseynovdur. Satışa çıxarılan xalçaların qiymətinə toxunuş, material və rəssamlıq qabiliyyəti kimi amillər təsir edir. Xalçaların qiyməti ölçüsündən, rənglərin mürəkkəbliyindən, mövzudan, materialdan, eləcə də toxunuş sıxlığından asılı olaraq müəyyənləşir. Xalça əsərlərinin qiyməti 60-100 min manat arasında dəyişir. Araşdırma zamanı o da məlum olub ki, azərbaycanlı xalçaçı rəssam Eldar Mikayılova Roma Katolik Kilsəsindən xalça sifariş olunub və bu xalça 100 min manata satılıb.

Qeyd edək ki, dünyanın sənət aləmində avanqard janrda əsərlərə daha çox önəm verilsə də, bu hal Azərbaycana aid deyil. Azərbaycan sənətsevərləri müasir avanqard əsərlərə o qədər də maraq göstərmirlər.

Bu gün Azərbaycanda 500-1000 manata rəsm əsəri əldə etmək isə mümkünsüz hala çevrilib. Hazırda ölkəmizdə bu məbləğə əsər almaq mümkündür, ancaq bu əsərin peşəkarlığı şübhə altındadır. Xarici ölkələrdə isə 1000 dollara əsər almaqdan söhbət belə gedə bilməz. Çünki rəssamlara və rəsm əsərlərinə yüksək qiymət verən xarici ölkələrdə əsərlərin satış qiyməti 10 min dollardan başlayır. Azərbaycanda qiyməti min manatadək olan əsərlər bu cür qiymətə satılan əsərlər professional hesab olunmur.

Bəs Azərbaycan Rəssamlar İttifaqı rəsm əsərlərinin qiymətinin müəyyənləşməsinə nəzarət edirmi? Apardığımız araşdırma zamanı məlum olub ki, peşəkar rəssamların toplandığı bu qurumda rəsm əsərlərin qiymətinə nəzarət edilmir. Əvvəllər bu funksiyanı ittifaqın nəzdində qiymətləri müəyyənləşdirən bədii fond həyata keçirib, lakin hazırda qiymətlər razılaşma əsasında aparılır. Yəni hər rəssam öz əsərinin qiymətini özü müəyyənləşdirir. Maraqlıdır ki, digər sahələrdə ciddi problemə çevrilən müəlliflik hüququ problemi rəssamlıq sənətində demək olar ki, yoxdur. Hələlik Azərbaycanda heç bir rəssamın əsəri digər müəllifin adı ilə satılmayıb. Rəssamlar bunu çəkdikləri hər əsərə öz övladları kimi baxmaları ilə izah edirlər. Onların fikrincə, əsərin ucuz qiymətə olsa da, rəssamın öz adı ilə satılması daha məqsədəuyğundur.

Xaricə rəsm əsərlərinin aparılması qaydalarına gəlincə isə bu xüsusi qaydada həyata keçirilir. Bunun üçün Azərbaycan Dövlət İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət və Turizm Nazirliyinin xüsusi komissiyasından icazə alınmalıdır. Əgər əsərlər muzey əhəmiyyətlidirsə, komissiya əsərlərin ölkədən çıxarılmasına icazə vermir, xüsusi ilə də antik əsərlərin, yəni 70-100 il bundan əvvələ aid olan əsərlərin ölkədən çıxarılması qadağandır. Müəllif əsərlərinin işinə isə komissiya xüsusi icazə verməli, əsərin arxasına möhür vurulmalıdır. Eyni zamanda komissiya üzvləri əsərin xaricə satışa çıxarılmasına icazə kağızını öz imzaları ilə təsdiqləməlidir. Yalnız bundan sonra əsər respublikadan kənara çıxarıla bilər. Əsərlərin ölkədən çıxarılmasına iki cür icazə verilir. Birinci icazə forması əsərin Azərbaycandan çıxarıldıqdan sonra yenidən geri qaytarılması şərti ilə verilir. Bu, əsasən xarici ölkələrdə əsərlərinin fərdi sərgisini təşkil edən rəssamlara şamil olunur.

İkinci icazə forması isə rəsm əsərlərinin satış məqsədilə ölkədən kənara çıxarılması ilə bağlıdır. Rəssam əsəri xaricə aparmaq üçün icazəni 12 manat dövlət rüsumu ödəməklə ala bilər. Əgər həmin əsər xaricdə satılarsa, bu zaman rəssam həm də gəlir vergisi ödəməlidir. Rəssamların xaricə satış məqsədilə neçə əsər aparmasına isə limit qoyulmayıb. Rəssam hər əsərə görə müvafiq dövlət rüsumunu ödəməklə istənilən sayda əsərini xaricə satmaq üçün apara bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar