Zemfira Nərimanova: Bəsti Cəfərova şükür eləsin ki, mən o tamaşada yoxam
29 Dekabr 2011 Cümə Axşamı 17:56
Zemfira Nərimanova: Parıldayan Bəsti Cəfərova deyil, onun geyimləridir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Zemfira Nərimanova həmkarı Bəsti Cəfərovanın onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib. APA-ya açıqlama verən Zemfira Nərimanova Bəsti Cəfərovanın onun barəsində dediklərini təkzib edib və bu intriqanı həmkarının başladığını bildirib: “İndiyə kimi susmuşam, amma məni danışmağa məcbur edirlər. Konflikt ondan başladı ki, İsrafil İsrafilov təxminən may, iyun aylarında tamaşaya baxdı və mənim oyunum çox xoşuna gəldi. Bəsti xanımı çağırdı ki, “Zemfiranın oyununu çox bəyəndim, istəyirəm “Yaşlı qadının gəlişi”ni Zemfiraya verim”. Bunu Bəsti xanıma da, Firəngiz xanıma da dedi. Amma əvvəldən bu rolu Bəsti xanıma söz vermişdi. Sonra tətilə çıxdıq, tətildən qayıtdıqdan sonra İsrafil müəllimin və Bəsti Cəfərovanın mənə münasibəti tamamilə dəyişdi. Qulağına nə çatdırdılar, nə dedilər, kim nə intriqa ilə məşğuldur, bunu bilmirəm. Sonra “Xanuma”nın məşqi başladı və Bəsti xanım dəfələrlə məni konfliktə sövq elədi. Mənim oyunum haqqında şərhlər verməyə başladı. İki addım arxaya dayan, niyə mənə mane olursan və s. Məni beləcə təxribata çəkirdi. Bilirsiniz ki, mən hazırda Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Tələbəmin gözü qarşısında istəyirdi ki, aramızda böyük qalmaqal yaransın. Mən onun səviyyəsinə düşmək istəmədim deyə, direktorumuza müraciət elədim ki, bu aktrisa məni tələbəmin gözü qarşısında təxribata çəkir. Xahiş elədim ki, mənə dublyor versinlər. Direktorumuz da bir müddət sonra Şəlalə Şahvələdıqızını mənə dublyor verdi. Mən də kənardan oturub məşqləri izləyirdim. Bəsti xanım düz deyir, 6 ay əziyyət çəkdim, gecə-gündüz gəldim-getdim. Tamaşanın ictimai baxışına kimi məşqlərdə iştirak elədim, amma məşqlərə çox az çıxırdım. Rejissor əvvəl dedi ki, tragikomediya quracağam, sonra dedi vodevil qoyacağam, sonra da nədənsə janr-parodiya ortaya çıxdı. Mən də dəfələrlə rejissora dedim ki, əgər oxuyuruqsa da, rəqs ediriksə də, əla oxumalı və oynamalıyıq. Akademik Milli Dram Teatrı üçün belə oxumaq və oynamaq olmaz, hər şey akademik səviyyədə olmalıdır. Hətta dedim ki, Frenk Sinatranın mahnısını bu günə salmaq düzgün deyil. Rejissor da mənim acığıma məşqlərdən sonra Bəsti xanımın otağına gedirdi. Oturub saatlarla söhbət edirdilər. Rejissoru axtaranda onun otağında tapırdıq”.
Z. Nərimanova əlavə edib ki, bi iradına rəğmən “Xanuma”nın birinci hissəsinin sonunda Frenk Sinatranın iki mahnısından istifadə olunub: “Mən gözlədim ki, bizim hörmətli direktorumuz İsrafil İsrafilov gələcək, baxacaq və nöqsanları aradan qaldıracaq. İsrafil müəllim də bir dəfə bu barədə rejissora dedi, amma heç bir nəticəsi olmadı. Rejissor öz bildiyini elədi. Gördüm tamaşa bərbad gündədir, mən də özümə ar bilib bu tamaşada oynamadım. Dedim ki, İsrafil müəllim, birincisi tamaşa çox uzundur. Bəsti xanım da deyir ki, əla tamaşadır. Xahiş edirəm bilənlər gəlib o tamaşaya baxsınlar və Bəsti xanım deməsin ki, parlayır. Parıldayan o yox, geyimləridir. Mən heç bir ədavət aparmadım. Altı ay gecə-gündüz məşq eləmişəm. Hansı aktrisa öz zəhmətini yerə vurar?! Mən buna məcbur oldum. Tamaşa əvvəldən mənim rolumla başlayır və sona kimi də səhnədəyəm. Ona görə mən üçüncü, ya beşinci dərəcəli rol oynayıramsa, bunun məsələyə nə dəxli var? Münaqişəni Bəsti xanım başlayıb. Bəsti xanım deyir ki, rol istəsin, versinlər. Bu nə deməkdir? Mən yalvarmalıyam? Siz özünüz bilirsiniz ki, tamaşaçı mənim üçün necə acıb. Amma mən əfsuslar olsun ki, “Xanuma”dan başqa heç bir tamaşada yoxam. Direktor isə yalvarmadığıma görə bu məsələni tənzimləmək istəmir. Mən etirazımı yazılı surətdə direktora bildirmişəm”.
Z. Nərimanova Bəsti Cəfərova və İsrafil İsrafilov haqqında jurnalistlərə xüsusi sifarişlə yazı yazdırması barədə fikirlərə də münasibət bildirib: “Guya mən jurnalistlərə sifarişli yazılar yazdırıram. Məgər sizlər məndən müsahibə götürəndə mən öz sözümü deyə bilmirəm? Kimisə öyrətməyə ehtiyac var? Mən burada olmayanda Bəsti xanım, İsrafil müəllim haqqında çox gözəl bir yazı yazılmışdı. Bunları da mən yazdırmışam? Əgər pisləri yazdırıramsa , deməli yaxşılar da mənim adımla bağlı olmalıdır. Mən həmin jurnalistlə heç danışmırdım da və Firəngiz xanım Allah şahididir ki, mən həmin jurnalistlə bu yaxınlarda barışmışam”.
Xalq artisti bildirib ki, “Xanuma” tamaşasındakı rolunun aqibəti ilə bağlı teatr rəhbəri ilə söhbət edib: “İsrafil müəllim deyir ki, mən bu tamaşada oynamalıyam. Necə olur ki, bizim aktyorlarımız tamaşalarda məşq edib, sonra imtina ediblər? Adlarını da qoyublar ki, biz belə tamaşada oynamağı özümüzə təhqir sayırıq. Necə olur ki, onlara icazə verilir, amma mənə yox? Təsəvvür edin ki, bütün baş verənlərə görə qan təzyiqim qalxıb”.
Zemfira Nərimanova həmkarı Bəsti Cəfərovanın “Nişanlı qız” tamaşası ilə bağlı söylədiyi fikirlərə də münasibət bildirib: “O tamaşada Bəstinin rəfiqəsi rolunu oynasam da, mən daha çox yadda qaldım. Bunu bütün tamaşaçılar deyə bilər. Nə olsun ki, orada ikinci obraz oynamışam, əsas odur ki, yadda qalan mən olmuşam. İsrafil müəllim deyəndə ki, Bəstinin 52 yaşı var və 16 yaşında rol oynamaq istəyir, mən o zaman Bəstinin tərəfini saxladım. “Nişanlı qız” tamaşasından sonra Bəsti ilə danışmırdım. Bizi rəhmətlik Turabov barışdırmışdı. O vaxtda konflikti mən yox, Bəsti yaratmışdı. Bir dəfə Heydər Əliyev Sarayında tədbir vardı, həmin tədbirin rejissoru Mərahim Fərzəlibəyov idi. Sabir Məmmədovla mən iki sevgilini oynayırdıq. Həmin tədbirdə Mərahim müəllim Bəstiyə dedi ki, sən yuxarı qalx və yuxarıdan bu iki sevgiliyə bax. Onda Bəstinin rejissora demədiyi söz qalmadı. Onun Mərahim Fərzəlibəyova nə sözlər dediyi tədbirdə iştirak edənlərin hər birinin yadındadır. Sokratın anma gecəsinin sonunda gül dəstəsini gətirib qabağıma qoydular, pərdə bağlanmamış Bəsti üstümə cumdu. Niyə üstümə cumursan? Bilərziyim qırıldı və onu itirdim. Sən mənimlə niyə ədavət aparırsan? Getsin parlasın və sevinsin ki, mən o tamaşada yoxam. O elə buna sevinir. Qoy nə qədər istəyir sevinsin. Bu, sadəcə qadın paxıllığıdır”.
DOSTLARINLA PAYLAŞ: