Bu gün "Ələkbər əmi"nin vəfat günüdür
02 Avqust 2009 Bazar 10:45
Dişini cərrahiyyə etdirən zaman hepatit virusuna yoluxan əməkdar artist Ələkbər Hüseynov 46 yaşında dünyasını dəyişib

 

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti,  Prezident  mükafatçısı  Ələkbər Hüseynovun vəfat günüdür. Uzun sürən xəstəlikdən sonra 2007-ci il avqust ayının 2-də 46- yaşında vəfat edən Ələkbər Hüseynov ömrünün sonunadək Azərbaycan Dövlət Kukla Teatrında çalışıb.

Uşaqların sevimlisi, “Ələkbər əmi” kimi tanınan Ələkbər Hüseynov teatrın səhnəsində Ə.Haqverdiyevin "Pəri cadu" tamaşasında Qurban, H.X.Andersin "Bülbül" tamaşasında Nağılçı və Çin imperatoru, N.Bədəlovun "Qara rəngin nağılı" tamaşasında Aydın, R.Əlizadənin "Tıq-tıq xanım" tamaşasında Dirijor və Müğənni, A.Ostrovskinin "Qar qız" tamaşasında Lel, R.Əlizadənin "Keçəlin toyu" tamaşasında Keçəl və bir çox başqa rollarını böyük məharətlə ifa edib.

Ələkbər Hüseynov V.Qaufun "Yalançı şahzadə", T.Ağayevin "Qoçaq Əhməd", H.X.Andersenin nağılları əsasında "Kral" adlı monotamaşasına, Ə.Səmədlinin "Cik-cik xanım", habelə səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərinə maraqlı quruluşlar verib.

İstedadlı aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda, Hollandiyada keçirilən Beynəlxalq Festivalların laureatı olub.

Xatırladaq ki, dişini cərrahiyyə etdirən zaman hepatit virusuna yoluxan Ələkbər Hüseynov uzun müalicə kursları keçsə də, sağlamlığını bərpa edə bilməyib. /ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar