Səyyah
Sərvər Qurbanov
18 Aprel 2009 Şənbə 20:49
        Günorta... Bir isti sentyabr günü... Simasında yaşıl gözlərinin, mülayim baxışlarının və sarı bığlarının məhəbbəti, bariz olaraq müşahidə edilən gənc adam, sinifimizə daxil oldu. Dodaqsız gülümsəyən güllər kimi əhval-ruhiyyəsindən təbəssüm yayılırdı. Elə bil, insanların mənəvi dünyasına sirayət edən qaranlığın qarşısına, əlində məşəllə cəngavər kimi çıxırdı. Qaranlıq bir gecədə, qara bir daşın üstündəki, qara qarışqa kimi görünməz olub, insanların ruh dünyasını gəmirən mənəvi xəstəliyin həkimi kimi ağ xələtini də geymişdi. Adını lövhəyə yazdı. Tanışlıq mərhələsini tamamlayıb, dərsin məzmumundan söhbət açdı. Beləcə, Akademik Əhməd Mahmudov adına Şərur Litseyinin ilk tələbələri mitokondri, sitoplazma, DNA kimi mexanizmlərin məskən saldığı canlı şəhərlərinin məhəllələrini gəzməyə başladılar.
 
        On dörd il sonra, onunla qarşılaşdığımda öyrənəcəkdim – müəllimim bizə dərs deyəndə peşəsinə yeni başlayıbmış. İlin bütün həftələrində, litseylər arasındakı məsafənin hər qarışını, xəritənin sözünü təsdiqləyən səyyah kimi təqib edirdi. Üç litseyin tələbələrinə eyni təhsil ilində, biyologiya öyrətmək vəzifəsi verilmişdi ona. Həftənin əvvəlində Ordubad, həftənin ortasında Naxçıvan, həftənin axırıncı günlərində isə Şərur tələbələri gözləyirdi onun yolunu. Məktəblərin bütün tələbələrinə biyologiya dərsi deyəcək, sonra da sükan arxasında, yorğunluğunu yaddaşından qovub, Ordubada qayıdacaqdı. Daxilində, bütün amalları, xəyalları və niyyətləri bahar ölkəsinin balalarına yol göstərmək üçün alovlanırdı. Atası ona maşın almışdı: “raf”. Çünki, Ordubaddan gələndə, Şərur sakini tələbələrin minik vasitəsinə ehtiyacı var idi. Çünki, tələbələri gəzməyə aparanda, maşın lazım olacaqdı. Çünki...  Və bü “çünki”lər, tələbələrin arzularından örülmüş dünyanın ən qiymətli bilərziyi kimi, qoluna taxılmış, damarlarında axan qanı sığallayırdı. Bu bilərzik, ona ilahi qüdrətin hədiyyəsiydi. Göz bəbəyi kimi qoruyurdu onu.
 
        Sonra uca yaradan ona, bir övlad hədiyyə etdi: “Abdullah”.  Sevincləri,  Ordubad, Naxçıvan və Şərur arasında paylandı. Həftələr, başqa həftələrə qovuşdu, Abdullah, fasiləsiz böyüdü. Gün gəldi, onlar bir neçə çantaya sığan əşyalarını toplayıb, Bursaya köçdülər. Keçmiş tələbələr üçün zaman, litsey günlərində olduğu kimi təmbəl deyildi. Sanki sürət qutusundan, zamana daha iti addımlar əmri verilmişdi. Abdullah, fikirlərini valideynləriylə bölüşəcək yaşa qədər böyüdü. Balaca ürək, böyük məsafələrin kişisi olmuşdu coxdan. Sonra insana xidmət atmosferində nəfəs almağın təsiriylə, lətifə tərzində atasına səsləndi: “Atacan! Başqa yere gedən deyilik?!”. Bəlkə də yer üzündə, təmiz və saf bir dodaqda bəstələnən bu arzu, ilahi huzurda dua kimi qəbul edildi. Müəllimin yeni vəzifə yeri müəyyən olmuşdu: Kenya! Bu müddət ərzində, Allah onlara Zeynəb adında bir qız uşağı hədiyyə etmişdi və üçüncü oğlan övladları da dünyaya gəlmişti. Son beşikdə müəyyən səhhət problemləri var idi. Kenya atmosferinə daxil olduqdan, Kenya torpağına addım attıqdan sonra, bu səhhət problemi balacanın bədənindn çıxdı və məçhula gedən gəmi kimi onları tərk etdi.
 
        Keçən il, ustad üçün çox darıxdığımı fikirləşməyə başlamışdım. İyul ayının isti günlərindən biriydi. Bir İstanbul axşamında, avtobusun arxa sıralarında, ayaq üstə, izdihamın balaca qardaşına oxşayan bu insan yığınının kənarındayam. Dalğalanan insan kütləsinin mənfi təsirlərindən qorunmaq üçün pəncərənin yanındakı dəmirdən bərk bərk yapışmışam. Birdən, avtobusa yeni minən sərnişinlər arasında onu görürəm. Saçları, hər ilin hörmətini saxlayan alicənab kimi, onların ağ izlərini mühafizə edir. Sifəti, yaşlılığın əlamətlərinə qonaqpərvər tərzdə rəftar edən bir ev sahibi kimi kifayət qədər mülayim. Gözlərimin gördüyünə inanmağın sevincini əvvəlcə dərk edə bilmirəm. Sonra onun tələbələrini – qara mirvarilərini görürəm. Artıq məsələ aydın olur. Bu Odur. “Üzr istəyirəm”, “Zəhmət olmasa icazə verin!” və bildiyim bütün nəzakət cümlələrini sərnişinlərə paylaya paylaya ona yaxınlaşıram. Qəlbim, bu reallığı itirmənin qorxusuyla tir tir titrəyir. Səbrim özünü tükətməklə hədələyir məni. Amma ona qovuşuram. Həsrətimi salamına və heyrətinə təhvil verib, bu gözlənilməz sevincdə üzürəm sakitçə. Kenyalı qara mirvarilərlə tanış edir məni. Avtobusda hamının gözləri və təbəssüm dolu simaları bizim münasibətlərimizin tamaşaçısına çevrilib. Görünür ki, iki ağ dərilinin, üç qara dəriliylə belə şirin söhbətinin forması və məzmunu onları təəccübləndirməyə kiyafət edir. Bütün o xoş təəssuratların ortasında, sürücü oturacağının arxasındakı söz gözümə ilişir : “Yamanın müvəffəqiyyət qazanmaması, yaxşının öz üzərinə düşən vəzifələri yerinə yetirməsindən asılıdır”.
 
Sərvər Qurbanov