Film Sektoru və Ailə
Sərvər Qurbanov
01 Yanvar 2010 Cümə 12:41
            İllər əvvəl söhbətimiz əsnasında, Türkiyə-də bir tanışımın başına gələn bir hekayəni xatırladım. Həmsöhbətim, Türkiyə-də 1980-ci ildən əvvəl baş verən sağ-sol qarşıdurmaları zamanında Türkiyə-yə komunizmin gələcəyi ümidini bəsləyən bir insan olduğu zamanlardan danışırdı. Ideologiyanı tam mənası ilə öyrənmək üçün oxuduqları kitablardan birində belə bir cümlə keçir : “Qadın maldır, mal kimi alınıb satılabilər!”. O vaxtlar cavan olan həmsöhbətim, hər Türk gənci kimi ana müqəddəsliyini yaxşı bilən biridir. Eyni zamanda anasını lazımı qədər sevir. Uğrunda mübarizə apardığı, ölümü belə gözə aldığı bir ideologiyanın bu fikri aşılaması ona pis təsir edir. Eyni yolda olan digər qardaşlarına deyir ki, mən belə bir istiqamətdə həyatıma davam etmək istəmirəm. Və kommunizm xülyasından vazgeçir, adət ənənələrə hörmətlə yanaşan, vətənsevər bir insan yolunda addımlayır. Bu fikir yaddaşımızda qalsın, biraz filmlər arasında oxşarlıqlardan danışaq. Bu nöqtəyə qayıtmaq şansımız olacaq.

            Birinci filmimiz 1996-cı ildə Roland Emmerich-in rejisorluq məsuliyyətində çıxış etdiyi Müstəqillik Günü-dür (Independence Day). Bu filmdə Will Smith, dünyanı qurtarmağa getməsinə baxmayaraq, evliliyi təxirə salmır. Bir yerdə yaşadığı egzotik rəqqas xanımla evlənir. Ailənin əhəmiyyətinə ssenaristlərin göstərdiyi vurğu özünü kəskin surətdə hiss etdirir.

            İkinci filmimiz 2005-ci ildə Steven Spielberg tərəfindən çəkilən Tom Cruise-un baş rolda olduğu Dünyalar Savaşı ( War of the Worlds) adlı filmdir. Buradaki ssenaridə biraz fərqlilik var. Filmin sonunda ailənin əhəmiyyəti göz önünə səriləcək. İki uşaqlı bir ailə. Ata-ana boşanmış. Ana iki uşaqla başqa bir adamla yaşayır. Uşaqlar öz atalarını xoşlamırlar. Etibar etmirlər. Dünya göydən gələn qəribə məxluqlar tərəfindən ələ keçirilmək üzrədir. Tom-un (Ray rolunda) oğlu bu həngamədə atasından ayrılıb getmək istəyir, amma qız, qardaşına ağlayaraq, həm də atasının yanında deyir ki, “Bəs sən gedirsən, onda məni təhlükələrdən kim qoruyacaq?”.  Yəni, ailə üçün minimal xüsusiyyətləri olmayan bir ata obrazı. Tom burda bir işçi rolundadır. Filmi gedişatında, məntiqli bir tərzdə o fikir işlənir ki, hətta Amerikan ordusunun belə qarşısında aciz qaldığı bu qəribə məxluqları məhv etmə metodunu Ray tapır. Həm də bunu qızını qorumaq üçün göstərdiyi cəhdlər nəticəsində tapır. Bunu ordunun əsgərlərindən birinə deyir, beləcə dünya bir daha xilas edilir. Filmin sonunda oğlu özü xilas olur, Ray isə, qızını qoruyub anasına çatdırabilir. Ssenaristlər uşaqların gözündən, atalarının nə qədər pis adam olduğunu bariz bir şəkildə nümayiş etdirdikdən sonra, eyni atanın nə qədər qəhrəman biri olduğu fikrini işləyirlər. Filmin sonunda, o vaxta qədər atasına adı ilə xitab edən oğlu, artıq terminologiyasında dəyişiklik edib “ata” deməyə başlayır. Uşaqların anası isə Ray-ə minəttardır, əmanətləri qoruduğu üçün. Yəni əslində ailənin dağılmağa ehtiyac yox imiş. Bunu başa düşmək üçün, ataya dünyanı qurtarmaq fürsəti verilir, o da bu fürsətdən yaxşı istifadə edir.
 
            Və 2009-cu il… Roland Emmerich bir daha rejissor stulunda. Filmin adı 2012. Oxşar hekayə: Ata, kitabları cox da oxunmayan bir yazıçıdı. (Filmin sonunda öyrənirik ki, əslində o dünyanın qiyamətini yazabilən cox güclü yazıçıdır). Boşanmış. İki uşağı anası ilə, başqa bir adamla yaşayır. Uşaqlarını görməyə getdiyi bir gün öyrənir ki, tezliklə qiyamət qopacaq. Oğlu anasının bir yerdə yaşadığı adamla atasından daha yaxşı münasibət qurabilir. Qiyamət qopur, ata bütün çətinliklərə baxmayaraq ailəsini xilas edir. Kitabının nə qədər təsirli olduğu vurğulanır. Əslində ailəni dağıtmaq üçün cox da əsaslı bir səbəb yox imiş. Artıq, insanların bunu başa düşməsi üçün, qəribə məxluqların dünyanı işğal etmələri bəs deyil. Bu fikri insanlara təbliğ etmək üçün ssenarist qiyamətin gəlişindən istifadə edir.

            Yazımızı sonlandıraq. Birisindən eşitmişdim. Qərb ölkələrində, hamilə olan və uşağını aldıran bir ana namizədinə soruşurlar: “Uşağı niyə aldırdın?”, O da cavab olaraq deyir ki, “Tətil vaxtına düşürdü, tətildə bu uşaq üçün narahat olmaq istəmirəm!”.  Belə bir anadan doğulan uşaq, kitab yazıb, “qadın maldır, mal kimi alınıb satılabilər!”  deyəndə, bu gedişatın necə dəhşətli olduğunu müşahidə edəbilərsiniz. Fəlakət təllalığı etmirəm, amma bugün qərbdə dramatik formada dağılan ailələrdə yetişən uşaqlar, sabah incəsənətin cox növlərində əsər verəcəklər. İndi qərb, inkişaf etməkdə olan ölkələrə də mənfi təsirləri olan bu gedişat üçün təcili çarələr tapmalıdır. Yoxsa dünyamız, daha qiyamət gəlmədən, qəribə məxluqlar tərəfindən ələ keçirilməmiş də yaxşı yer olaraq qala bilməyəcək.

            Yazını yazıb qurtardıqdan sonra isə, qəzetdəki bir xəbər diqqətimi cəlb etdi: daşıyıcı analığın daha da yayılması ilə bağlı idi bu xəbər. Xususilə son zamanlarda, Amerikada süni mayalanma ilə daşıyıcı analıq funksiyasının cox artması haqqında yazılmış bir xəbər idi. Daşıyıcı analar üçün ödənən pul bugün 50 min dollardan daha coxdur. Nəticə olaraq, daşıyıcı analıq bir ticarət sektoruna çevrilib. Hindistan və Çindəki kasıb qadınlar üçün bir gəlir mənbəyi olmağa başlayıb. Hindistanlı qadınlar, Amerikalı valideynlər üçün embriyonu daşımaq mövzusunda 12 min dollar həcmində bir analıq haqqı müqabilində razılaşırlar. Yuxarıda qeyd edilən 50 min dollardan geriyə qalan məbləğ isə brokırlara və vasitəçilərə qalır. Hətta, Pensilvaniya universitetində bioetika ilə bağlı elmi tədqiqat aparan bir alimin sözlərinə görə, Amerikada itlərin, pişiklərin, balıqların və digər heyvanların doğumu və yetişdirilməsi ilə bağlı olan qanunlar, daşıyıcı analıq məsələsini diqqətə alan qanunvericiliklərdən daha coxdur.

            Qeyd : Bütün oxucularımızın Həmrəylik Gününü və Yeni İlini səmimi qəlbdən təbrik edirəm.
 
Sərvər QURBANOV