Reklam Nümunələri
Sərvər Qurbanov
17 Dekabr 2009 Cümə Axşamı 16:26

            Mənə maraqlı olan Amerikan televiziyalarındakı reklamları sizlərlə bölüşmək istəyirəm. Buna görə də elə sözü uzatmadan mətləbimi indidən elan edirəm. Amerikanın əhalisi 308 milyondur. Görünür ki, bu əhali arasında yaşlı insanların sayısının coxluğu yaxud da texnologiyanın inkişaf etmiş olması Amerikan televiziyalarındakı reklamları, Azərbaycan və Türkiyədən fərqləndirir. Belə ki, Amerikada televiziyalarda həddindən artıq sayıda dərman reklamına rast gəlmək olur. Bir digər kəskin fərq, şirkətlər arasında bariz mübarizədir.
 
            Amerikan GSM şəbəkələrindən AT&T ilə Verizon arasında çox maraqlı bir rəqabət var. Burada şirkətlər reklamlarda digərinin vermiş olduğu xidmətin keyfiyyətsizliyini vurğulayaraq öz markalarını önə çıxarırlar. Məsələn bir reklamda hadisələr belə baş verir. Bir adam var, 3G sahəsində şirkətlər arasında müqayisə aparır. GSM şəbəkəsinin 3G üçün necə sürətli olduğunu nümayiş etdirmək üçün öz telefonundan şəklini endirir. Ekranın bir hissəsində, AT&T digərində Verizon`nın endirmə müddəti var. AT&T-dən şəkil götürülməsi bitmiş olmasına baxmayaraq, Verizon-in endirmə prosesi hələ də davam edir. Başqa bir reklamda da, bu dəfə qürurlanmaq növbəsi Verizon-a çatır. Reklamda çətin vəziyyətlərdə qalan insanların 3G sahəsində işlərini həll edə bilmədikləri və cox məyus olduqlarını göstərilir. Elə bir nəticə hasil olur ki reklamdan, Verizon-ın əhatə dairəsi Amerikanın hər tərəfi ikən, AT&T ancaq müəyyən yerləri əhatə edir. Amerikan GSM bazarındakı üçüncü oyunçu isə,  T-Mobile şirkətidir. Müşahidə etdim ki, T-Mobile şirkəti AT&T və Verizon arasındakı başqa sahələrdəki kəskin rəqabəti istifadə edib, bəsit amma faydalı xidmət təmin etməyə cəhd göstərir. Amerikalıların ehtiyacı olan şey, istədiyi qədər danışabilməkdir deyilir reklamlarda, “T-Mobile şirkəti olaraq 49 dollara sizə aylıq limitsiz danışmaq fürsəti veririk” deyərək, fərqli bir sahədə iddialı olduqlarını önə sürürlər. Beləcə, digər iki böyük oyunçunun qəzəbindən uzaq qalmağa çalışsalar da, onlara `sataşmadan` reklama davam edə bilmirlər. “AT&T və Verizon-daki qiymətin yarısına sizə bu xidməti təmin edirik!” deyən bir qeydi də reklamlarına əlavə edirlər.

            Kabel televiziyası xidməti sahəsində DirectV və DishTV arasındaki rəqabət də yuxarıdakına oxşardır. DirectV, DishTV ilə özü arasındakı fərqləri yazaraq, necə daha yaxşı xidmət verdiklərini anlatmağa calışır. DishTV isə reklamlarında, “DirectV deyir ki, Amerikada ən çox HD kanalı bizdə var. Amma DishTV Amerikada 120 HD kanalı ilə ən həcmli paketi təmin edən şirkəttir. Niyə televizor üçün daha çox pul ödəyəsiniz?” deyilir.

            Bir digər örnək, maşın bazarındandır. Yan yana gətirilmiş iki maşın var televizor ekranında. Honda Pilot və Chevy (Chevrolet) Traverse. Görünür ki, reklamı tamaşaçıya təqdim edən adam, Chevy-nin adamıdır. İki ailə var, ana, ata və iki uşaqlı. Tətilə gedirlər, çantalarını və digər əşyalarını maşınlarına sığışdırmağa çalışırlar. Chevy istifadə edən ailə özünü rahat hiss edir, çünkü lazımı qədər yer var. Amma Honda Pilot sahibi ailənin çantaları maşının arxasından yere tökülür. Və bu acınacaqlı və dramatik səhnədə, adam dilə gəlir : “İnsanlar əksərən elə fikirləşirlər ki, Honda Pilot, yanacağı daha effektif istifadə edir. Əslində bu düz fikir deyil. Chevy Traverse, həm Honda Pilot-dan daha az yanacaq istifadə edir, həm də tutum olaraq otuz faiz daha cox həcmlidir”. Türkiyədə reklamlarda digər markanın adını silmək ya da flu olaraq göstərmək fikrinə amerikalı şirkətlər heç bir şəkildə meyl etmirlər. Digər şirkətin adını və markasını reklama çəkinmədən daxil edirlər.

            Indi isə, mövzunu iqtisadiyyata bağlama vaxtıdır. İqtisadiyyat nəzəriyyəsində tələbələrə, reklamın istehlakçı lehinə nəticələr meydana gətirdiyi tədris edilir. Əslində, başqa şirkətlərə böhtan atmadan, fikirlərini əsaslandıraraq, kəskin rəqabət aparmaq məqsədi öz funksiyasını kifayət qədər yerinə yetirir. Bundan istehlakçı, yəni ölkə vətəndaşları faydalanır. Bununla yanaşı nəzəriyyə ilə praktika da üst üstə düşəbilir. Bəlkə də, yuxarıdakı funksiyalardan biri də, iqtisadiyyat tədrisi ilə məşgul olan müəllimlərin etibarını qorumaqdır. Çünkü, real həyatla əlaqəsi olmayan nəzəriyyə kimə lazımdır?

Sərvər Qurbanov