Cavanlar
Sərvər Qurbanov
06 Aprel 2009 Bazar Ertəsi 22:35

     Hər hansı bir mühitdə, ümumi mənada yaxşının təbliğatı aparılsa, onda bunu eşidən ve görən insanlara bu amillər ayrı ayrılıqda müsbət təsir edəcəkdir. Kiçik bir ifadənin belə insanlara müəyyən bir məlumat aşıladığını diqqətə alsaq, balaca balaca ve xırdaca edilən yaxşılıqların yekunda əhəmiyyətli bir nəticəyə səbəb olacağı göz qarşısındadır. Bugün gənçlərin fikir quruluşunun formalaşmasında, ordan burdan aldıqları məlumatların bariz təsirini görmək mümkündür. Bir gənc televizorda sevdiyi bir müğənninin ağzından çıxan bir sözü qanun kimi qəbul edə bilir. Bunun ən canlı və özünü aşkar bir halda büruzə verən forması, “Qurtlar Vadisi” və onun artistləri ilə sıravi vətəndaş arasında yaranmış olan “əvəzedilməz nümunə olma” barəsində yazılmamış, amma bir neçə ildir qüvvədə olan “müqavilə”dir. Hətta bu, imzalanmış sənədlərdən belə daha təsirlidir. Bir insanla müqavilə bağlansa ve ona bir artisti təqlid etmək məsuliyəti verilsə yəqin ki bu qədər müvəffəqiyyətli bir nəticə əldə edilməz. Çünkü, müqavilədə məsuliyət ve məcburiyyət var, bu da onu qəbul edən insan üzərində görünməz bir təyziq atmosferi əmələ gətirir, onun müqavilədən soyumasını təmin edir. Burada isə, insanlar könüllü və heç bir istəksizlik göstərmədən serial qəhrəmanlarına tabe olurlar. Ümumiyyətlə isə, əgər müğənni yaxud da artist/aktrisa səhv bir etiqada, inanca, məlumata sahibsə özünə nə qədər heyran (cavanların ifadəsiylə, fanat) varsa, qeyri-ixtiyari o qədər insanı da özü ilə birlikdə o qaranlığa çəkir / çəkəbilir.

     Hər tərəftə gözəli və yaxşılığı təbliğ edən filmlər, yazılar, kitaplar vs. yayınlanarsa, və hər birindən bir şey götürən bir gənc yekunda yaxşılığa ait çox təcrübəyə sahib olmuş olacaq. (Robert Cialdinin “İknanın Psikolojisi” adlı kitabında bu haqda elmi məlumatlar da var). Əsas ve ideal olanı odur ki, hər kəs yaxşı qaynaqlara özü çatsın ve yaxşılıq hökm sürsün.  Amma bəzən insan öz iradəsi ile yalnış yola girəbilər. İnsanların qarşısına çıxma ehtimalı olan pis yollar bağlansa, oraya gedən işarələri aradan qaldırsaq, onda bütün yollar “Yaxşı”ya çıxacaq. Qaldı ki, gəncə --- O divdir. Amma məntiq onun ağlının sükanında oturmaqda çətinlik çəkəbilər.

     Bugünün populyar mədəniyyətini “ən doğru doğrular” olaraq qəbul edən gənc nəsil, ən gec on il sonrasının valideyn namizədləridir. Bəzən beş para etməz, bəzən də dərrakəsi məntiq ve insan fitratının qəbul etmədiyi fikirlər zibilliyi olan müəyyən insanların bu qədər təsirli olması bizə qəmginlik tərənnüm edən tragedya kimi təsir bağışlamalıdır.

     Gənc isə özünü  bilməz. Gənç qəbahətindən ötrü məyus olmayabilər. O, fiziki bünövrəsində hər mənada məhsuldarlığın ən yüksək olduğu dövrdə yaşayır. Sahildə olmamış, quruya ayaq basmamış, qumların üzərində çırpınmaq məcburiyətində qalmamış balıq kimidir O.

     Gənc, bir cəmiyyətin həm sağlamlığı, həm mənəviyyatı, həm də beynidir. Sağlamlığıdır ona görə ki, əsas ağır işləri onlar yerinə yetirirlər. İqtisadi mənada desək, gənclərin işləməyi müqabilində, sosyal müdafiə fonduna daxil olan resurslar, yaşlıların həyatlarını davam etdirməyini maliyyələşdirir. Mənəviyyatıdır, ona görə ki, əxlaqa zidd şeylərin başını alıb getməsində katalizator rolunu gənclər aparır. Bundan başqa, xalqın mədəniyyəti, adət ənənəsi gənclərin davam ettirməsi nəticəsində gələcəyə ötürüləcəkdir. Gəncləri aradan çıxaranda, zinciri qırmış, rabitəni kəsmiş olarsınız. Beynidir, ona görə ki, ölkənin bütün bilikləri, elmi məlumatları, tarixi, bu gənclərin yaddaşına təhvil veriləcəkdir. Keçmişlə gələcəyin arasında xəzinə kimi cəmiyyətin bünövrəsinə yayılmış gəncləri bütövlükdə qiymətləndirmək və onların qədrini bilmək lazımdır.

Sərvər Qurbanov