Rəqəmlərin Dili
Sərvər Qurbanov
27 İyul 2009 Bazar Ertəsi 22:31

        Fiziki və hüquqi şəxslər üçün əlverişli bir investisiya instrumenti olan qızılın qiymətindəki dalğalanma diqqəti cəlb edir. Unsiyası (31,10 qram), 2001 sentyabrında 276 dollar olan qızıl, mart 2008 tarixində 1033 dolara qədər yüksəlmişdi. Yeddi illik müddət ərzində, qiymətlərdə görünən bu yüksək artışın səbəbi, qızılın hələ də ənənəvi investisiya instrumenti olaraq öz cazibəsini qorumasından irəli gəlir. Maliyyə bazarlarının inkişaf etməyinə baxmayaraq, investorlar özlərini qorumaq məqsədiylə qızıl alırlar. Həddindən artıq alınan qızıl bəzi vaxtlar müəssisələrin likvidlik problemi ilə üzləşməsinə səbəb olur. Həmin vaxt, fiziki və hüquqi şəxslər əllərindəki qızılın müəyyən bir hissəsini satmağa başlayırlar. Belə olanda, qızılın qiyməti biraz düşməyə başlayır. Mətbuat organları global maliyyə böhranı ilə bağlı təbliğat aparsa, insanlar yenidən qızıl alırlar. Əksinə, əgər kütləvi informasiya vasitələrində iqtisadiyyatda yaxşılaşmayla bağlı xəbərlər dərc edilsə, qızılın qiyməti düşməyə başlayır. Bu da qiymətdəki dalğalanmalara səbəb olur.

        Çin iqtisadiyyatın hər sahəsində nəhəngə çevrilməyə sürətlə davam edir. Valyuta ehtiyatları cari ilin ilk altı ayında, 186 milyard dollar artaraq 2 trilyon 130 milyard dollara çıxdı. Bu sıralamada, Çini 988 milyard dollarlıq ehtiyatı ilə Yaponiya təqib edir. Çinin ən böyük səhvliklərindən biri də, valyuta ehtiyatlarında dolları yüksək həddə çattırmasıdı. Dolların dünya miqyasında konvertibl pul olmasına hər hansı bir xələl gəlsə, bu Çin iqtisadiyyatını yerlə yeksan edəcək bir fəlakətə çevriləcək. Ehtiyatlarla bağlı portfeli müəyyənləşdirəndə instrumentlər arasında tarazılığı qorumaq vacibdir. Yəni yumurtaların hamısını eyni səbətə yığmamaq lazımdır.

        Avropa enerji sahəsində, özünü təminat altına almaq cəhdləri göstərir. Hazirkı hesabla, Avropanın illik qaz istehlakı 500 milyard kubmetrdir. 2020-ci ilə çatanda Avropanın illik qaz tələbatı 700 milyard kubmetrə çatacaq. Nabucco Lahiyəsi reallaşdığında isə, Avropa 31 milyard kubmetr qaz almaq imkanına sahib olacaq. Nabucco Lahiyəsi, 7,9 milyard dollara başa gələcək. Bu lahiyənin reallaşması bölgəmizdə iqtisadi inteqrasiya və iqtisadi fəallığa stimul verməsi baxımından dəyərlidir. “Əsrin Müqaviləsi”ylə iqtisadiyyatımıza verilən təkan, Nabucco Lahiyəsi ilə təkrarlansa, bunun bəhrələrini hamılıqla müşahidə edəcəyik. Nabucco Lahiyəsinin imzalanması gələcəyə ümidlə baxmaq istəyənlər üçün bariz səbəblərdən biridir.

        İstanbulda kütləvi nəqliyyat vasitələrindən istifadə etmək lazımı qədər bahalıdır. Avtobus və metro üçün gediş haqqı təxminən 1 dollardan coxdur. Məsələn avtobus, 1,7 TL-dir. (1 dollar = 1.5 TL). Bakıda metronun 5 qəpik olduğunu fikirləşsək, zənnimcə İstanbulda nəqliyyatın nə qədər bahalı olduğu asanlıqla görülər. Turistlərin bir müzeyi gəzməyi 20 TL-dir. Yəni təxminən 10 manat. Burada Dolmabahçe Sarayını xüsusilə qeyd etmək lazımdır. Atatürkün vəfat etdiyi otağın da yer aldığı bu saraya yay aylarında girmək cox çətindir. Uzun növbə cərgələrini müşahidə etmək adi bir hadisədir. Aldığımız məlumata görə, gündə 2000 bilet satılır. Bircə Dolmabahçe sarayından gələn gəliri hesablasaq, Türkiyənin turizmdən əldə etdiyi gəlir barəsində biraz fikir sahibi olmaq olar.

        Türkiyə, Çili ilə Azad Ticarət Müqaviləsi imzaladı. Bu anlaşma, sənaye və kənd təsərrüfatı məhsullarını əhatə edən bir xarici ticarət müqaviləsidir. Buna görə, müəyyən bir keçid dövründən sonra sənayə və kənd təsərrüfatı məhsullarına tətbiq edilən rüsumlar tamamilə ləğv ediləcək. Sənaye məhsulları üçün Avropa ilə inteqrasiya olmaq məqsədiylə 1996-cı ildə Gömrük Anlaşmasının qüvvəyə minməsi Türkiyənin bu sahədə ən böyük təcrübəsidir. Beş illik keçid dövründən sonra, 2001 ci ildə rüsumlar sıfıra çəkildi. Avropa Birliyi ölkələri kənd təsərrüfatına həddindən artıq məbləğlərdə subsidiya verir.  Buna görə, 1996 Gömrük Birliyi müqaviləsinə kənd təsərrüfatı məhsullarıyla bağlı rüsumlar daxil edilməyib. Bundan əlavə, Türkiyə indiyə qədər müxtəlif ölkələrlə 14 Azad Ticarət Müqaviləsi imzalayıb.

        Dünya, sürətlə və dayanmadan fırlanır. Dünyanın daxilində və xaricində baş verən hadisələrə diqqət yetirəndə isə, adamın başı fırlanır. Yaxşı ki, dünyanın fırlanmağını hissetmirik.

Sərvər Qurbanov