Kitablardan kitablara
Sərvər Qurbanov
21 May 2009 Cümə Axşamı 14:30
Bir kitap, daxilimizdəki
donmuş dənizə endirilmiş
bir baltadır. (Frans Kafka)
 
            Universitet tələbələriylə görüşlərimdə bu mənzərəyə çox rast gəlirəm: Tələbə, bir mövzunu dərk edib, amma fikrini tam mənasıyla çatdırabilmir. Çünki lazımı qədər söz ehtiyatına malik deyil. Bəzi tələbələr iki yüz səhifəlik kitablardan belə qorxular. Kitabın qalınlığı ilə, tələbənin keçirdiyi dəhşət arasında bir tənasüb var. Sözlər, bina tikmək üçün lazım olan daşlar kimidir. Necə ki, nə qədər çox daş olsa o qədər rahat ev tikmək mümkün olursa, oxşar tərzdə, nə qədər çox kəlimə bilinsə o qədər rahat danışmaq və yazmaq imkanı əldə edir fərd.
 
            Təsirli ünsiyyətin yaxşı metodlarından biri də, çox kitab oxuyub söz xəzinəsini artırmaqdır. Bu yaxınlarda, Türkiyədə kitab nəşriyatı ilə yaxından maraqlanan bir mütəxəssisə internet vasitəsiylə müəyyən suallar soruşmaq imkanım oldu. Türkiyə üçün verilən rəqəmi sizinlə də bolüşürəm: Türkiyə`də, ildə təxminən 24 min kitap nəşr edilir. Oxucu əksəriyyətlə, bunların 23 minindən xəbərdar olmur. Yəqin ki, aradakı fərqin nə qədər dəhşətli olduğunu siz də müşahidə edirsiniz. Oxucunun marağına təhvil verilən kitaplar, ya lazımı rəğbəti görmür, ya da yetərli sayıda oxucu yoxdur. Yaxşı yazılmış və oxucunu sıxmayan maraqlı bir kitabın 30 manatdan (əlbəttə ki, kitab qiymətləri daha ucuzdur) alındığını fikirləşsək, bir telefona verilən 300 manatla 10 ədəd keyfiyyətli kitab almaq olar. Gənclərin kontura xərclədikləri sərvəti hələ hesab etmirəm.
 
            Bundan əlavə, reklamın və marketinqin, bununla yanaşı populyar mədəniyyətlə əlaqənin də əhəmiyyət kəsb etdiyini xüsusilə qeyd etmək lazımdır. Məhz, buna görə, bir çox mütəxəssis, kitab dünyasındakı yazıçılara xüsusi konsaltinq xidməti verən `literary agent` ların təsirini vurğulayırlar bəzi vaxtlarda. Məsələn, Orhan Pamukun Nobel Ədəbiyyat Mükafatını əldə etməsində, onun ingilis literary agentı olan ekspertin səmərəli əməyinin bəhrəsindən çox danışıldı keçən illərdə. Xüsusilə, Türk yazıçının xaricdə tanınması, orada müsahibə imkanları, kitablarının tanıtılması kimi addımlar, bu mütəxəssisin göstərdiyi istiqamət nəticəsində meydana gəldi. Mükafatla bağlı siyasi nöqtələr / diskusiyalar / ziddiyətlər, ayrı bir yazının mövzusudur, ona görə, o məsələyə burda hələlik toxunmuram.
 
***
 
            Əksər hallarda, nəqliyyat vasitələrində kitab oxuyan adamlar diqqətimi cəlb edir. Bu, mənə çox xoş təsir bağışlayır. Ya cox satan kitabları, ya da klassik əsərləri görürəm insanların əllərində. Əgər bu vərdiş kütləvi mahiyyətə bürünsəydi, onda çox daha maraqlı olardı. Amerikada, Wall Street Journal qəzeti həftə içində 3-4 milyon, həftə sonunda isə 10 milyona yaxın satılır. Yəni, sözün əsil mənasında kütləvi informasiya vasitəsi ünvanına layiq olan bir mövqeydə dayanır bu qəzet. Qəzetin fikir xəttindən çox, gördüyü işin keyfiyyəti və oxucularla münasibəti cəlb edir diqqətimi. Forma və mahiyyət, öz keyfiyyətini nümayiş ettirəndə, tiraj qeyri-ixtiyari lazımı həddə çatır. Bariz olaraq görünür ki, oxucunun rəğbətini qazanmaq, keyfiyyətin əzmindən keçir.
 
Sərvər Qurbanov