Divlərin Məhəbbəti
Sərvər Qurbanov
21 Noyabr 2009 Şənbə 11:15
        Nyu York Tayms qəzetinin internet səhifəsində, Barak Obamanın vəzifəyə gəldikdən sonra Çini ilk dəfə ziyarət etməsi haqqında xəbəri oxuyanda düşündüm ki, mövzu ilə bağlı fikirləri bu vəsilə ilə qeyd etmək lazımdır.  Məlum olduğu kimi, dünyada, Amerikaya ən cox borc verən ölkə Çindir. Daha dəqiq desək, Çinin 2,3 trilyon dollar həcmində ehtiyatı var. Bu ehtiyatın təqribən 60 – 70 faizi isə Amerikanın borclarının maliyyələşdirilməsi üçün investisiya kimi istifadə edilir. Keçən maliyyə ili başa çatanda, Amerikalı statistika qurumları Amerikanın bütcəsi ilə bağlı məlumatı ictimaiyyətlə də bölüşdülər. Buna görə, keçən il (2009) üçün Amerikanın bütçəsində meydana gələn defisit 1,4 trilyon dollardır. Yəni, Amerika hökümətinin gəlirləri, xərclərindən 1,4 trilyon dollar məbləğində daha azdır. Tədiyyə balansı ilə bağlı rəqəmləri də bu hesaba daxil etsəniz görərsiniz ki, həqiqi mənada ciddi rəqəmlər ortaya çıxır.

        Bugün, Amerikanın Çin ilə bağlı xarici siyasətinə baxsanız, iqtisadi məsələlərin siyasi tələblərə üstün gəldiyini asanlıqla görəbilərsiniz. Amerikaya diqqət yetirəndə insan elə zənnə gəlir ki, elə bil bu div iqtisadiyyat Çinin qarşısında böyük bir təşvişə düşüb. Əksər hallarda ölkələrin beynəlxalq miqyasda etibarını zədələyən amillərdən biri də, onların xarici borcları qarşısında nümayiş ettirdikləri davranış tərzidir. Çin, Amerikanın defisitlərini maliyyələşdirməyə davam etdikçə, Amerika hal hazırdakı iqtisadi qruluşu davam etdirə bilər. Çünki, həm fərdi mənada, həm də dövlət səviyyəsində, Amerika maliyə vəsaitlərinin yığımı haqqında heç nə fikirləşmir. Bütün hallarda, gəlirlərdən daha cox xərclər mövcuddur. Bu da ölkə iqtisadiyyatını Çinin dollar ehtiyatlarından asılı vəziyyətə salır. Çin, sonsuza qədər öz dollar ehtiyatlarını Amerika dövlətinin istiqrazlarında və digər borclanma instrumentlərində investisiya kimi qiymətləndirsə, onda heç bir problem olmazdı. Amma bu ele bil tendensiyadır ki, gərək hardasa bir yerdə bu gedişata son qoyulsun.

        Bəlkə burada dünya sülhünə xidmət edən bir nüans var ki, onu qeyd etmək lazımdır: Əgər məntiq silsiləsi qurmalı olsaq, deye bilərik ki, mövcud asılılıq, dünya sülhünə xidmət edir. Çin, Amerika ilə hər hansı bir hərbi ziddiyət içində olmaq istəməz, çünki Amerikaya böyük məbləğlərdə borc verir. Amerika üçün də eyni fikir öz gücünü qoruyur. Amerika özünə borc verən bir ölkə tapdığı üçün onun xətrinə dəymək istəməz. Buna görə də, Klinton və Buş dövrlərində Çinə qarşı səsləndirilən tənqidləri indi görmək mümkün deyil. Bu da Obamanın şanssızlığıdı yəqin ki. Obama, seçimdən qalib cıxdı, amma təəssüflər olsun ki, buna ürəyi istədiyi kimi sevinəbilmir. Nobel mükafatını almağı, xalqın Obamaya dərin məhəbbəti, bunların hamısı reallığı ortadan götürəbilmir.  Ortada yüksək məbləğdə borc var, bu borcu idarə etmək də, qısa müddət ərzində Obamanın öhdəliyində olan bir məsələdir.

        Nəhayət kəlam... Çin və Amerika... Və onların iqtisadi sahədə başlayan əməkdaşlığının dərin bir məhəbbətə çevrilməsi. Gözləyək görək, bu emosiya və həyəcan dolu münasibət hansı iqtisamətə doğru gedəcək?  Nəticəsi qorxulu da olabilər, xoşbəxt də olabilər. Görünür ki, iqtisadiyyat da hisslərdən o qədər məhrum bir elm deyil.
 
Sərvər Qurbanov