Avropa Birliyiylə İnteqrasiya və Türkiyənin İqtisadiyyatı
Sərvər Qurbanov
10 İyun 2009 Çərşənbə 20:21
        Avropa Birliyi və Türkiyə arasındakı münasibət, son vaxtlarda Türkiyənin dünya miqyasında əldə etdiyi mövqeylə birlikdə maraqlı bir formaya bürünür. Avropa Birliyi elə bir yerdir ki, orada cox sayıda səlahiyyətli şəxs tapmaq asandır. Birlik fikrindən gələn qüvvət, oradakı insanlara daha cox öz inamla danışmaq fürsəti verir. Müəyyən pozisiyalardan Türkiyənin statusu ilə bağlı mətbuat nümayəndələrinə verilən bəyanatlar da bunun bariz şəkildə görülməsidir.
 
        Türkiyə öz iqtisadi xətalarından dərs cıxararaq, dünya iqtisadiyyatında özünəməxsus yer əldə edir. 2001-ci ildə Türkiyə`də bank sektorunda baş verən çaxnaşma, təşkilatlanma və nəzarət barəsində Türkiyə iqtisadiyyatına lazımı dərsləri verdi. Bu sətirlərin müəllifi 2001-ci ildə Türkiyədə böhranın sosial və iqtisadi təsirlərini müşahidə edirdi. Yaxşı xatırlayıram, heç bir valyuta dəyişmə məntəqəsi dollar satmırdı. Hər günə yeni bir bankın iflas etdiyi xəbəriylə oyanırdı insanlar. Xalqın üzərinə elə bil qara buludlar çökmüşdü. Əslində Türkiyə iqtisadiyyatı, bu və buna bənzər digər xüsusiyyətləri ilə tələbələr üçün yaxşı bir laboratoriya kimidir. Türkiyə, sözün əsil mənasında inkişaf etməkdə olan bir ölkədir. Əksərən termin kimi istifadə edilən, “inkişaf etməkdə olan” tərifi, inkişaf etməmiş olan ölkələrə verilən nəzakətli bir addır. Amma məsələ Türkiyə üçün bu ifadəni istifadə etməyə gələndə, sözün əsil mənası özünü büruzə verir. 2001 bank sektorunda meydana gələn probləmlər nəticəsində Türkiyə yeni təşkilatlar təsis edərək bank sektorunda regulasiyaya əhəmiyyət verməyə başladı.
 
        Türkiyə iqtisadiyyatında illərdən bu yana Mərkəzi Bankın qaynaqlarını istifadə edərək büdcə xərclərinin qarşılanması, və bununla birlikdə sosial müdafiə xərclərində toplanan zərərlər, Türkiyəni borclu bir ölkə vəziyyətinə gətirmişdir. Uzun illər arxa arxaya büdcədə meydana gələr mənfi saldo dövləti maliyyə bazarlarından borclanmağa vadar etmişdir. Dövlətin bu qədər cox borclanmaq məcburiyyətində qalmağı ölkədəki faiz oranlarının yüksək həddə çatmağına səbəb olmuşdur. Beləcə, özəl banklar təmbəl olmuşdur. Yaxın zamana qədər Türkiyədə bankların əsas gəlir mənbəyi dövlət istiqrazlarından əldə edilən faiz gəlirləriydi. 2001 krizisi, maliyyə cədvəllərində problem olan bankları sistemdən təmizlədi. Bəzi bankların kassalarında ancaq dövlət istiqrazları vardı və bu da onların iflasına gətirib çıxardı. Maliyyə bazarlarında fond tələb və təklifi arasındakı tarazılığı pozan dövlətin fond tələbi isə, faiz hədlərini daha da yüksəldərək investisiya qoyuluşlarının qarşısını alırdı. Bugün Türkiyə iqtisadiyyatı, beynəlxalq aləmdə tufan kimi əsən böhrandan güclənərək çıxır. Həm iqtisadi, həm də stratejik mənada dünyadan yüksələn ulduz kimi cıxış edir.
 
        Avropa Birliyi ölkələrindəki rəhbərlər, Türkiyənin bu yüksəlişini görəbilmirlər. Yaxud da Türkiyənin inkişafına inanabilmirlər. Ona görə də, Türkiyəyə yaxşı rəftar etmirlər. Tam üzvlük əhdi peymanıyla Türkiyəyə göstərilən təyziq, Türkiyənin yeni alternatiflər arxasına düşməyinə səbəb olur. Buna görə Türk investorları bugün dünyanın bütün ölkələrinə birbaşa investisiya qoyaraq və mal ixrac edərək bu təyziqin mənfi təsirləri üçün kompensasiya axtarırlar. Beləcə Türkiyənin dünyadakı nisbi önəmi hər gün keçdikcə daha da artır. Avropa Birliyi, Türkiyənin bu gücündən istifadə etmək üçün onu üzv olaraq götürəcək. Amma məsələ o həddə gəlib çatanda, Avropa Birliyinin nisbi önəmi azalacaq. Həmin mərhələdə Türkiyə - Avropa Birliyi münasibətləri cox maraqlı hal alacaq.
 
Sərvər Qurbanov