Marketinq? O nədi?
Sərvər Qurbanov
30 İyun 2009 Çərşənbə Axşamı 14:04
        Özəl telekanallardakı verilişlərlə əlaqəli anonslar həmişə diqqətimi cəlb edir. Verilişin necə keyfiyyətli olacağından, uzun və təmtəraqlı bir şəkildə bəhs edilir. Ondan sonra programın hansı tarixdə efirdə olacağı yazılır. Məsələnin bu mərhələsinə qədər nümayiş ettirilən reklama etirazım yoxdur. Bu, yerində və lazımlı bir marketinq fəaliyyətidir. Etirazım bundan sonrasınadır. Programın birinci dəfə və eyni zamanda təkrarının da efirdə olacağı tarix birgə qeyd edilir. Aparıcının, yaxud  da tanınmış bir aktist/aktrisanın baxışlarının yanında yer alan tarixlərlə əlaqəli bir şey demək istəyirəm. Bir verilişin ekranda göstəriləcəyi vaxtdan əvvəl, program haqqındakı anons, o verilişin marketinqi üçün atılan ən önəmli addımdır. Burada programın hansı tarixdə təkrar efirdə olacağının yazılmasını isə marketinq baxımından bir təcrübəsizlik kimi qiymətləndirirəm. Çünki hər hansı bir verilişin marketinqi ilə bağlı verilən anonsta o programın baxmaq üçün təxirə salınmayacağını cox qüvvətli bir intonasiya ilə qeyd etmək lazımdır. Yəni burada istehlak obyekti olan insana elə bir imic verilməlidir ki, o insan, adı keçən programın dəyərli və qiymətli olduğu qənaətinə gəlsin. Belecə, istehlakçı ya da tamaşaçı həvəslə və böyük maraqla məhsulu ya da programı gözləyəcək. Bu gözləmə əsnasında alovlanan həyəcan və sevinç isə “ən baxımlı veriliş” yaxud da “ən keyfiyyətli məhsul” imicinin meydana gəlməsinə və kök salmasına səbəb olacaq. Verilişin anonsunda təkrarla bağlı qeyd edilən məlumat, tamaşaçını ruhdan salan bir amildir. Çünki təkrar yayın vaxtını yazmaq, verilişin nisbi əhəmiyyəti psixologik zəmində azaldacaqdır. Prodüserlar bu fikrimlə nə dərəcədə razılaşarlar bilmirəm amma, bir tamaşaçı kimi fikrimi burada qeyd etmək istədim.
 
        Özəl telekanalların olmadığı vaxtlarda, hər hansı bir program cox bəyəniləndə, televiziya studiyasına tamaşaçılardan çoxluca zənglər daxil olurdu. Bu böyük maraq nəticəsində verilişin yenidən efirə veriləcəyini elan edən aparıcılara səmimi qəlbdən inanırdıq. Çünki bir programın rəğbət gördüyünü hamılıqla hiss edəbilirdik. Ümid edirəm ki, milli xəzinəmizlə bağlı yeni yeni gözəl verilişlər hazırlansın və bunlar xalqımızın rəğbətini qazansın, bizlər isə efirdən verilən oxşar elanlarla bir daha şad olaq. Amma geniş miqyasda rəğbət qazanmamış programlarla bağlı təkrarların da efir vaxtını səbirsizcə elan etmək mənasızdır. Programın təkrarı verilsin, bunda heç bir mənfi hal yoxdur. Sadəcə olaraq, təkrarla bağlı tarix tamaşaçıya tezliklə deyilməsin.
 
        Təkrarın da birinci efir təcrübəsi kimi təsirli olduğunu bizə bariz formada göstərən veriliş, Samanyolu televiziyası ekranında hər cümə axşamı böyük bir həyəcana səbəb olan “Tək Türkiyə” dir. Bugün, kəndlərimiz də daxil olmaqla, ölkəmizin dörd bir tərəfində “Tək Türkiyə” serialına qarşı böyük bir tamaşaçı marağı müşahidə edilməkdədir. İnsanlar, həftələri səbirsizliklə zamanın ipinə asır, bu serialın hadisələrində həyəcanla və sevinçlə üzürlər. Tamaşaçıda həyəcan oyadan hər program gec tez özünəməxsus rəğbət mövqeyini tutabilir. Həyəcan oyadan işə veriləcək bir digər nümunə isə atv kanalında hazırlanan “Kim Kimdir?” adlı əyləncə programıdır. Studiyada pilləkən formatındakı xanalarda gözləyən şəxslərin peşələrini təxmin edən iştirakçı, pul hədiyyəsi də qazanır. Burada əsil məsələ isə, tamaşaçının da özünü iştirakçının yerində hiss etməsiylə başlayan maraqdır. Xanalardakı adamların peşəsini təxmin etmək əsnasında iştirakçının və tamaşaçının keçirdiyi həyəcan hissi onların xoşuna gəlir. Buna görə də, keçən verilişlərdən birində, xanım müğənni “Üniversitet imtahanından bu yana, belə həyəcanlanmamışdım” deyərək, məmnuniyyətini aparıcıya söyləyərkən, yuxarıda izah etməyə cəhd göstərdiyim reallığı cox sadə tərzdə ifadə etmiş oldu.
 
Sərvər Qurbanov