Bir millət, iki dövlət
Sərvər Qurbanov
04 Avqust 2009 Çərşənbə Axşamı 14:21
        Sərlövhəmiz, Azərbaycan Türkiyə qardaşlığını yığcam formada, amma dərin mənada əks etdirir. Bu ele bir ifadədir ki, əsirlər boyu tarixin yaddaşında qalmağa davam edəcək. Biz, digər türk boyları arasında bu xoşbəxtliyə nail olabilən yeganə türk soylu milləttik. Buna görə də, Türkiyədə Azərbaycana xüsusi bir rəğbət və sevgi hissi var. Keçən il, Ərzurum Atatürk Universitetindən bir qrup professor müəllim heyyəti, 19 Mayın tətil olmağından istifadə edərək, Bakını gəzməyə gəlmişdilər. Əməkdaşlarımızdan İslam bəylə birlikdə, onları Azərbaycan haqqında məlumatlandırmaq və onlara rəhbərlik etmək fürsətimiz oldu. Müəllimlərdən birinin dediyi maraqlı bir arzunu sizlərlə bölüşmək istəyirəm. O müəllim dedi ki, “Azərbaycanla sərhədlərimizin tikanlı məftillərin soyuq sifətinə həvalə edildiği vaxtlar idi. Mən cavan idim. Ailə həyatı qurmaq fikrim olanda, qəlbimdən belə bir arzu keçirdi. Biri oğlan, biri qız, iki övladım olsun. Oğlanın adı Azər, qızın adı isə Baycan olsun. Azərbaycan! deyə çağıranda ikisi birdən gəlsin”. Bu səmimi arzu və Türkiyəli bir qardaşımızın bizə olan sevgisi məni cox şad etmişdi.
 
        Oxşar sevgi nümayişinə İstanbulda da dəfələrlə şahid olduq. Getdiyimiz məkanlardan birinin səhnəsində, gitarasını əlinə alıb, şən və romantik mahnılar oxuyan iki gənc var idi. Dincəlmək üçün gələn qonaqların feyziyab olmasına münasib mühit olmalıdı. Obyekt sahibi tərəfindən tətbiq edilən bu əlavə xidmət, müştərilərdən də rəğbət görür.  Məkanın müdiri ilə danışıb, qrupumuzdakı tələbələrin mahnı oxumaq istədiyini dediyimizdə cox sevindilər. Səhnədəki gənçlər, gitaralarını Azərbaycanlı tələbələrə təhvil verdilər. Tələbələrdə, xoş hisslərlə dolu həyəcan var idi. Orada əyləşən xanımlar və cənablar birdən Azərbaycan musiqisinin xoş sədalı dalğalarında üzdüklərini hiss etdilər. Vaxtımız məhdud idi, “Cənab Leytnant” və “Payız Gəldi” mahnıları qonaqlardan və bizdən alqış aldıqdan sonra məkandan ayrıldıq. Həm onlar, həm də bizim üçün xoş xatirələrlə dolu bir axşam daha geridə qaldı.
 
        İstanbul üçün “daşı torpağı qızıl” deyirlər. Burada kimin əlindən nə gəlirsə, onunla pul qazanmağa cəhd göstərir. Yay aylarında su satanların marketinq fəaliyyətləri xüsusilə diqqəti cəlb edir. Belə deyirdi su satan bir cavan: “Eşq ağrısına, könül yarasına, romatizmaya, yüksək təyziqə, ürək xəstəliklərinə vs... dərmandır bu su!”. Başqa bir yerdə isə, böyük bir firmaya ait dükanın şüşə pəncərəsinə belə yazılmışdı: “Salonu kıskandıran mutfak”, yəni, “Qonaq otağını qısqandıran mətbəx”.
 
        Artıq Azərbaycan və Türkiyə vətəndaşları arasında evlilik sayısı cox artır. Burada bələdiyyəyə aid nigah salonunda bir tanışımızın oğlunun toyuna getdik. Əcnəbi musiqilər daha cox çalınırdı. Bu işlərlə maraqlanan xanıma yaxınlaşıb Azərbaycan musiqisinə keçid almağı təklif etdim. Kompüter arxasında oturan xanım, danışmağa fürsət tapmadan yanındakı cavan oğlan mənimlə Azərbaycan dilində danışmağa başladı. Heyrətləndim və sevindim. Azərbaycan bir xanımla evli olduğu üçün bu bacarığı əldə etdiyini öyrənir və çox sevinirik.
 
        Samanyolu televiziyasına da yolumuz düşdü. Efirdə həmişə gördüyümüz insanları real həyada görmək adamda ayrı bir maraq hissi doğurur. Burada Şəkili bir həmvətənimizin uzun illərdən bəri işlədiyini xəbərini sevinçlə öyrənirik. Yay tətili olduğu üçün cox adamı görmək mümkün olmadı. “Doğruluk Ekseni” serialında Uğurla əlbir olan Haşim bəyə gəlin gələbilən xanımı görəndə, yaxınlaşıb Azərbaycandan gəldiyimi və serial haqqındakı fikirlərimi bölüşdüm. Cox məmnun oldu və dəfələrlə təşəkkür etdi. Tək Türkiyənin Dila həmşirəsini görmək isə, ayrı bir sevincdi. Fanatı olmasamda, bu xanımın aktrisa kimi bacarığını və qabiliyyətlərini təqdir hissi ilə alqışlayıram. Burada da insanların Azərbaycan haqqında sevgi ilə dolu olduqlarına şahid olduq.
 
Sərvər Qurbanov