İstambul səyahətindən qeydlər
Sərvər Qurbanov
15 İyul 2009 Çərşənbə 13:18
        İstambul, əsirlər boyu bəstələnən mənəviyyatın nəğməsində yırğalanan bir igid kimidir. Hər tərəfində bir tarix qoxusu, hər daşında tarixi şəxsiyyətlərin izləri yer alır. Bəylərbəyi sarayını gəzib çölə çıxdığımızda, xanımlardan birisi saray xanımlarının istifadə etdiyi iki yüz il yaşı olan güzgüyə baxmaqdan ötrü çox sevindiyini büruzə verəndə əslində bu həqiqəti də ifadə edirdi. Baxdığınız naxışlar, gördüyünüz xalçalar və gəzdiyiniz otaqlar tarixə qarışan zaman içərisində, dövlət rəhbərlərinin, onların ailələrinin və qonaqlarının baxışlarının izlərinə toxunub keçir. Bəlkə də sizin addımınızla onların addımı üst üstə düşür. Həm uzaq, həm da yaxın tarixin yaddaşıdı İstambul. Dərindən baxanda, tarixin mənalı və önəmli hadisələrini, səthi baxanda, televiziya və şou biznes aləminin keçdiyi yerləri görə bilirsiniz. İkinci növ məlumat populyar olmasından ötrü turistlərin marağını daha çox cəlb edir. Bir restoranda oturub boşqabdakı ləzzətli yeməyin dadında üzərkən, restoran sahibinin verdiyi məlumatları bu ikinci növə daxil etmək olar. Qarşımızdakı camidə, Qurdlar Vadisi serialının son bölümünün çəkildiyini öyrənirik. Son bölümdə, baş nazirin qətli istiqamətində tərtib edilən sui qəsd səhnəsini canlı canlı seyretdiklərindən danışır obyektin sahibi. Sevinçlə və təbəssümlə... Restoranın dəyəri və mənası bir anda dəyişir bu sadə məlumatla. Sonra, Bəylərbəyi səmtinin Sonbahar, Yaprak Dökümü vs. kimi seriallara çəkiliş məkanı kimi xidmət etdiyini öyrənirik. Qonaq heyrətlənərkən, ev sahibi belə şahidliklərin onlar üçün qeyri adi olmadığı tərzində sözlərlə bir daha sevinir.
 
        Səyahətimizin bir axşamında isə biz də şou biznes aləminin nümayəndələriylə eyni məkanda, televiziya efirinin arxasında yer aldıq. TRT1 kanalının litseylər arası Gənc Mikrofon  musiqi müsabiqəsində iştirak etdik. Aparıcı, Azərbaycandan qonaqların olduğunu elan etdi. Salonda Azərbaycan bayrağı dalğalanınca, kameralar da bizə tərəf döndü. On fərqli litseydən musiqi qruplarının oxuduğu mahnıları xoş təəssüratlarla dinlədik. Münsiflər heyətində, Nev, Firudin Düzağaç, Dəmət Sağıroğlu kimi tanınmış müğənnilər vardı. Bunlardan əlavə verilişin çəkilişiylə bağlı olaraq ortaya qoyulan əmək diqqətimi cəlb etdi. Veriliş əsnasında, salonda, mənim sayabildiyim 11 ədəd kamera işləyirdi. Ən maraqlı kameraman isə, səhnədə müğənni mahnı oxuyarkən onun ətrafında dairəvi qaçışlarla efiri rəngləndirəni oldu. Bu kameraman sürətli hərəkət edərkən, yıxılmasın deyə, arxasında bir adam da ona müşayiət edirdi. Səhnədə, alın təriylə pul qazanan bir insanı bu qədər bariz görəbilmək programın özü qədər maraqlı idi. Rejissor, program bitənə qədər həm tamaşaçının hərəkətlərinə istiqamət, həm də aparıcı və münsiflər heyətinə göstərişlər verərək, verilişi yaxşı idarə etdi. Ekran başındakılar,  litseylə bağlı fraqmentlərə baxarkən, salonda olan grub səhnədən ayrılır, növbədəki qrub səhnəyə yerləşirdi. İkinci bir fürsətdə, yəni gözləmə otağındakı aparıcıya söz veriləndə, yaxud da münsiflər öz rəylərini bildirəndə, instrumentlərlə bağlı işlər görülürdü. Kameralar, yer dəyişmələrinin olduğu hissələri göstərmədikləri üçün ekran qarşısındakı tamaşaçı bunların heç birindən xəbər tutabilmir. Ekrandan görünən sakit və bir biri ardınca davam edən program hissələriylə, çəkilişin aparıldığı studiyada baş verən hadisələr arasında kəskin fərqlər var. Bu, bir şairinin dediyi kimi, alovun rəsmini görməklə, alovun içində olmaq arasındaki fərq qədər böyükdür.
 
        Bu litseylərdən birinin musiqi müəlliminin Azərbaycanlı olduğunu öyrəndiyimizdə isə, həmvətənimizlə fəxr etdik və qürur hissi keçirdik. Türkiyəli qardaşlarımızın bizə qarşı nümayiş etdirdikləri sevgiylə sevindik. Grubumuzun üzvlərindən biri sinəsində Azərbaycan bayrağı olan bir köynək geymişdi. Türkiyəli bir tamaşacı, Azərbaycanı cox sevdiyini və Azərbaycan bayrağına valeh olduğunu büruzə verərək, köynəyi dostumuzundan böyük bir arzuyla istədi. Evə paltarsız qayıtmaq imkanı olmayan dostumuz, maraqlı tamaşaçıyı necə razı saldı bilmirəm, evə köynəksiz qayıtmadığına görə, görünür ki, müştərək məxrəcdə razılaşıblar. Maraqlı məqamları sizlərlə bölüşməyə davam etmək istəyirəm, lakin bugünlük bizə ayrılan yer burada bitir. Salamat qalın!...
 
Sərvər Qurbanov