Kamus Namustur
Sərvər Qurbanov
16 Aprel 2009 Cümə Axşamı 18:03
        Danışıq dilindəki kəlimələr diqqətimi cəlb edir. Müşahidə edirəm. Yaşlı qadın pulun az olduğunu ümumi mənada qəbul ediləcək tərzde deyir: “Bir məmməd verirsən, marşrutla gedirsən, bir məmməd verib gəlirsən”. Amma elektrik sayğacının çox pul yazdığını ifadə etmək üçün başqa bir vahid istifadə edir: “Bir gecədə bir şirvan yazır.” O qərara gəldim ki, bu qadının zehnində “bir məmməd” azlıq əlaməti, “bir şirvan” isə coxluq ifadə edən nişanə olub. İngilis dilində “Cəmiyyətin yaddaşı zəyifdir” mənasında bir söz var. On illər sonra bəlkə de cəmiyətin yaddaşında indiki zamanla aradaki rabitə qopduğunda, “məmməd”lə “şirvan”ın haradan əmələ gəldiyi unudulanda, bir çox insan, pulla əlaqədar məbləğin həcmi üçün “şirvan” yaxud da “məmməd” istifadə edəcəklər. Beləcə sonraki 30-50 ildə Azərbaycanda yeni bir ifadə törəmiş olacaq. Burada diqqətinizə çatdırmaq istəyirəm ki, heç kim bunun fərqində olmayacaq. Bu, eyniylə, bir almanın kal vəziyyətdən yetişmiş hala gəlməsini gözlə müşahidə ede bilməmək kimi bir hadisədir. Ünsiyyətimizdə özünə mökhəm mövqe tutmuş sözlərin doğulub, bugünə qədər boya başa çatması da elə, bu mərhələlərin real bir nümunəsidir.
 
        Dilimizə daxil olan kəlimələri isə daha sonra qovmaq mümkün olmayacaq. Bir zamanlar Türkiyə’də, Türkiyə türkçəsini sadələştirmə cəhdləri olub. Məqsəd Türk dilindən əcnəbi kəlimələri çıxarmaq imiş. Belə vaxtlarda ilk təyziq görən kəlimələr həftənin günlərinin adları olub. Türkçədə “Salı”dan ve “ertəsi” şəkilçisindən başqa digər gün adlarının hamısı ərəbcədən gəlmədir. Vəzifəli şəxs, tam xatırlamıram, amma dəyişikliyi bu cür edib: “İşgün, Zorgün, Güçgün, ....Hoşgün, Gəzgün, Boşgün”. Adama soruşublar: “Bəs “Salı”yı nə üçün dəyişdirdin? Axı O türk dilindədi!”. Onun cavabı isə belə olub: “Digərlərinə uyğun olsun deyə”. Bir sözlə, dildə özünə məxsus mövqe tutmuş kəlimələr, o dilin himninə, bünövrəsinə girirlər ve çıxmaq haqqında da heç bir şey fikirləşmirlər.
 
        Xarici mənşəli sözlərin səmimiyətsizliği digər doğma sözlərin yanında, özünü asanlıqla büruzə verir. Belə ki, məsələn “krizis” kəliməsi Türkçədə “böhran” kimi də işlənir. İki sözdən bizə doğma gələn də, yad duran da ilk tələffüzdə aydın olur. Amma buna baxmayaraq xarici mənşəli sözlər eyniylə bir kəşfiyat aparan və özünü bildirməyən xəfiyəçi kimi o dilə daxil olur. Sonra isə, vətəndaşların dilinə o qədər həddindən artıq bir təyziqlə ve sırtıqlıqla yapışır ki, onları çıxarmaq mümkün olmur.
 
        Emosiya, mentalitet, korrespondent, imitasiya, sensasiya, korrupsiya, kompromis və sairə.. Orta məktəbdə oxuyanda, bu sözləri Azərbaycan dilində eşitmirdim. İndi isə bunlar kimi çoxluca əcnəbi sözlərə rast gəlirəm. Bəlkə də hər bir fərd görkəmli Türk fikir adamı Cəmil Məriç kimi, bu hadisəyə qarşı həssas olmalıdır. Belə deyir məhşur yazıçı: “Kamus namustur”.

Sərvər Qurbanov
 
 
**   Kamus: Dilin bütün sözlərini əhatə edən lüğət.