Yay Söhbətləri
Sərvər Qurbanov
17 Avqust 2009 Bazar Ertəsi 13:23
        Amerikada işləyən iki türk professorla söhbət etmək imkanım oldu. Çinlilərlə bağlı dedikləri fikirlər diqqətimi cəlb etdi. Çində insanlar arasında rəqabət olduğundan müəyyən bir məqsədi əldə etmək üçün cox çalışmalı olurlar. Həm iş dünyasında, həm də elmi sahədə, insanlar amallarına çatmaq üçün lazımı qədər cəhd göstərmək məcburiyyətindədirlər. Sürətlə artan əhali sayısı belə bir tələbkarlığa səbəb olur. Professorların dediyinə görə, insanlar az yatmağa məcbur olurlar Çində. Buna görə də, adətən küçədə orada burda yatan insanlar görülür. Çində böyuyub boya başa çatan insanlar xarici ölkələrə gedirlər, orada lazımı qədər kapital əldə ettikdən sonra ölkələrinə geri qayıdırlar. Gətirdikləri sərmayə ilə də öz işlərini qururlar. Qurduqları şirkət, əksərən daxili bazara xitab edən məhsullar istehsal edir. Daxili bazarda istehlakçı sayı kifayət qədər olduğuna görə, bu tendensiya mütəşəbbisləri qısa müddət ərzində maddi baxımdan zənginləşdirir. Məsələn, fərz edək ki, siz maşın satırsınız. Çin bazarının 2 faizi qədər müştəriniz olsa, bu 2 milyon yeni maşın satmaq deməkdir. Ölkəmizdəki çəkik gözlü səyyar satıcıları rayonlarda belə görmək mümkündür. Biz də eyni formada Çin və Hindistan bazarlarına maraq göstərəbilərik. Çinlilər bazarda malın qiyməti barəsində endirim üçün aparılan müzakirələrə çox əhəmiyyət verirlər. Onlar xaricdən gələn qonaqlara malın qiymətini olduğundan yüksək deyirlər. İdxalat şəklindəki bir ticari münasibət bizim o qədər də xeyrimizə deyil. Cəhdlər, Çinə ixracat, yəni mal satmaqla bağlı olmalıdır.
 
***
       
        Tanınmış müğənni Azərin, TRT AVAZ`da Azərinlə Əsintilər adlı programda aparıcı kimi çıxış edir. Azərbaycan türkçəsində danışır, Azərbaycan şairlərinin şerlərini oxuyur. Türkiyəli müğənniləri qonaq edir, onları, Azərbaycanı daha yaxşı tanımaları üçün məlumatlandırır. Bir də, Azərbaycan musiqisinin ən “sümüyə düşən” nümunələri ilə çıxış edir. O oxuyanda, salonda tamaşaçılar arasında yırğalanma formasında meydana çıxan bir çaxnaşma müşahidə etmək olur. Həm müğənni, həm populyar, həm də sevimli olmağı eyni anda bacarır. Görünür ki, Türkiyədə Funda Arar kimi, Azərbaycanda da Azərin şou biznes aləmindən uzaq durmağı bacarır, öz sənəti ilə diqqət cəlb etməyə nail olur. Bu iki xanım müğənni arasındakı parallellik xoşuma gəlir. Azərin xanım, məncə Funda Ararı öz programına dəvət etməlidir. Əgər onlar duet oxusalar, bu cox daha maraqlı olardı. Hətta yalnız sənətə dəyər verən müğənnilər birgə bir albom da çıxarabilərlər. Həm Türkiyədə, həm də Azərbaycanda bu lahiyəyə maraq göstərəcək coxlu sayıda görkəmli incəsənət adamı var. Yəni un var, yağ var, şəkər var, halva bişirmək üçün kimsə mətbəxə keçməlidir.
 
***
 
        Yay ayları gələndə, insan asudə vaxtı dəyərləndirmək istəyir. Burada maraq dairəmizlə bağlı kitablar oxumaq insanın başlıca məqsəd olur. Uzun müddətdir oxumaq istədiyim, ancaq vaxt çatışmazlığından oxuyabilmədiyim ədəbiyyat kitablarından biri də, Mustafa Kutlunun “Beyhudə Ömrüm” adlı hekayə kitabı oldu. Mustafa Kutlu, Anadolu insanların hələ də istifadə etdiyi kəlimələrlə yazır. Bu sözlərin əksəriyyəti bugünkü Azərbaycan Türkçəsində də mövcuddur. Məsələn kitabda, dalda, zərdali, orta məktəb, yarpuz, qarı kürümək, şəhadətnamə, eyvan, toxlu, hayıf cıxmaq, böhtan, həmi də, ürəyini kip tutmaq, kökü kəsilmək, gümrahlaşmaq, yumaq, xizər kimi sözlərə rast gəlmək mümkündür.
 
Sərvər Qurbanov