Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır
20 İyul 2010 Çərşənbə Axşamı 11:05
Son 1 ildə QİÇS dərmanlarından istifadə edənlərin sayı 5,2 milyona çatıb.
Dünyada son 1 ildə Qazanılmış İmmun Çatışmazlığı Sindromu- QİÇS dərmanlarından istifadə edənlərin sayı 1,2 milyondan 5,2 milyona qədər artıb. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalıb. Avstriyada QİÇS-lə bağlı keçirilən beynəlxalq konfransda çıxış edən Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş maliyyə yardımının çoxunu QİÇS-lə bağlı hesabatlar aparmağa yox, bu xəstəlikdən əziyyət çəkən insanlara ayırmağı məsləhət görüb.
“Microsoft” korporasiyasının sahibi Bill Qeyts isə bildirib ki, səhiyyə qrupları maliyyə vasitələrindən istifadə üçün daha yaxşı biznes təlimatları tərtib etməlidirlər: "Biz ayrılan hər bir dollardan daha sərfəli istifadə edə bilərik. Həm müalicə, həm də profilaktikada keyfiyyət əldə etmək üçün fikirləşsək və yeni vasitələr yaratmağa davam etsək, QİÇS-li xəstələrin sayını nəzərə çarpacaq dərəcədə aşağı sala bilərik və QİÇS-ə son verərik”.
Xatırladaq ki, 2003-cü ildən bəri son 7 ildə dünyada antivirus dərmanları qəbul edənlərin sayı 12 dəfə artıb. Beynəlxalq QİÇS cəmiyyəti rəhbəri Culia Montaner “böyük səkkizliy”in son görüşündə dünyanın ən varlı dövlətlərinin QİÇS dərmanları üçün maliyyə yardımı ayıra bilmədiklərini qeyd edib. Cəmiyyət rəhbəri bunun gələcəkdə çox dəhşətli nəticələri ola biləcəyi ilə bağlı xəbərdarlıq da edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: