Qida məhsulları üzrə texniki komitə yaradılıb
22 Fevral 2010 Bazar Ertəsi 13:00
İlkin layihədə texniki komitənin daxilində məhsul növləri üzrə 8 alt komitə formalaşdırılacaq
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib. Bu barədə ANS PRESS-ə komitənin mətbuat xidmətindən məlumat verilib.
Komitənin Aparat rəhbəri Arif Əşrəfovun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ərəfəsində və Avropa Birliyinə inteqrasiyası istiqamətində standartlaşdırma sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması vacib əhəmiyyət daşıyır: “Texniki komitələr də məhz bu baxımdan xüsusi önəm daşıyır. Texniki komitələr respublikada keyfiyyətli ərzaq təminatını formalaşdırır, təhlükəsizlik problemlərini və harmonizasiya məsələlərini həll edir, şirkətlərin yeni standartlaşdırmaya və beynəlxalq təcrübəyə olan tələbatını ödəyir”.
SMPDK-nın Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev yeni təsis edilən qida məhsulları üzrə texniki komitənin məqsədləri barədə deyib ki, texniki komitə bu sahədə milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilini, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi və sonrakı istifadəsi ilə bağlı təhlili işini həyata keçirəcək. Onun sözlərinə görə, bundan başqa qida məhsulları üzrə texniki komitə sahibkarlığın inkişafında da vacib əhəmiyyət daşıyır:
“Belə ki, məhsul və xidmətlər bazarının bilavasitə iştirakçısı olan təşkilatların standartlaşdırma üzrə texniki komitələrdə geniş iştirakı nəticəsində onlar tərəfindən qəbul edilən qərarlar bazar iqtisadiyyatı xarakterini şərtləndirir, elmi-texniki və iqtisadi cəhətdən daha mütərəqqi müəssisələrin onlarla əməkdaşlığı sənədlərin yüksək səviyyədə işlənib hazırlanmasına kömək edir.
Sonra qida məhsulları üzrə texniki komitənin təqdimatı keçirilib. Bildirilib ki, ilkin layihədə texniki komitənin daxilində məhsul növləri üzrə 8 alt komitə formalaşdırılacaq. Ümumiyyətlə isə texniki komitənin bir sədri və iki müavini olmaqla katibliyi olacaq. Texniki komitənin iclaslarında iştirak edəcək maraqlı tərəflər isə dövlət qurumları ilə yanaşı, qida məhsulları istehsal edən sahibkarlıq subyektləri, qeyri-hökumət təşkilatları, ticarət assosiasiyaları, elmi-tədqiqat institutları, ekspertlər olacaq. Birgə görüşlərin faydaları isə standartların məzmununun bazar iştirakçıları və digər maraqlı tərəflər ilə birgə formalaşdırmaq imkanı verəcək. Ölkədaxili və beynəlxalq bazar iştirakçıları və rəqiblər ilə dialoqlar da məhz texniki komitə vasitəsilə reallaşacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: