Dünyanın aparıcı məişət kimyası və gigiyena vasitələri istehsalçısı “Procter & Gamble” şirkəti 120 min flakon burun spreyini satışdan yığışdırır. Bu məhsulda B.cepacia bakteriyasının izləri tapılıb. Bunu “Procter & Gamble” şirkətinin nümayəndələri bəyan ediblər.
Spreydə aşkarlanan bakteriyalar zəif immun sisteminə malik olan və xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə ciddi ziyan vura bilər. Şirkətdən bildiriblər ki, preparatın satışdan yığışdırılması təhlükəsizlik tədbiri xarakteri daşıyır. Bununla belə, indiyədək sprey almış şəxslərə ondan istifadəni dayandırmaq tövsiyyə olunur.
Qeyd edək ki, “Procter & Gamble” şirkətinin məhsulları Azərbaycanda da satılır. Amma konkret olaraq “Sinex” burun spreylərinin ölkəmizdə satışa çıxarılıb-çıxarılmadığı məlum deyil.
ANSPRESS