Ötən il 297,8 ton müxtəlif növ ərzaq malları məhv edilib
18 Fevral 2011 Cümə 18:33
Zahid İsayev: "2010-cu ildə inzibati xətaya yol vermiş şəxslər 2 milyon 349 min manat cərimə edilib"
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında, istehlakçı hüquqlarının etibarlı təminatında xüsusi əhəmiyyət kəsb edən istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir. Növbəti bu cür tədbir bu gün Ağcabədi rayonunda təşkil edilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “İstehlakçı hüquqlarının qorunması: reallıqlar-perspektivlər” mövzusunda keçirilən konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-ə yaxın istehlakçı iştirak edib.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrildiyini, çoxsaylı infrastruktur layihələrinin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını və yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib. Onun sözlərinə görə, nəticədə insanların müxtəlif mallara və xidmətlərə olan tələbatı artıb, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb: “Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub”.

Z. İsayev istehlak bazarının qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyətini vurğulayıb. O bildirib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 9 adda 130 mindən çox, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanmışdır. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir: “Ötən il ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 297,8 ton müxtəlif növ ərzaq malları məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 372,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 2,5 tonu heyvanların yemlənməsinə yönəldilib. Bundan başqa il ərzində yuxarıda qeyd olunan səbəblərdən 145,3 ton qeyri-ərzaq malları məhv edilib”.

O vurğulayıb ki, 2010-cu il ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1740 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 2 milyon 349 min manat cərimə edilib: “Bundan başqa istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə 45 təsərrüfat subyektinə 183,7 min manat maliyyə sanksiyası tətbiq edilib. Bu cür halların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsi, onların bu sahədə öz hüquqlarını bilməsi vacib amildir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar