Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) oktyabrın 15-də ixtisasartırma kurslarında yer çatışmazlığı ilə bağlı həkimlərin, xüsusilə LOR mütəxəssislərinin narazılığına rəsmi cavab verib. İnstitut bildirib ki, kurs yerlərinin sayı təsadüfi deyil, tədris resursları və keyfiyyət tələbləri əsasında planlaşdırılır, sertifikasiya üçün tələb olunan 250 kredit isə təkcə kurslardan toplanmır.
Açıqlama Medicina.az saytının sorğusuna cavab olaraq verilib. Sayt oktyabrın 13-də dərc etdiyi araşdırmada həkimlərin sertifikasiya imtahanı əvəzinə kredit balı toplamaq şərti tətbiq olunandan sonra bir çox ixtisas sahiblərinin kurslarda yer tapmaqda çətinlik çəkdiyini yazmışdı.
Etirazın səbəbi: 563 həkimə 126 yer
Araşdırmaya görə, İnstitutun 2026–2027-ci tədris ili üçün rəsmi planında otorinolarinqologiya üzrə 21 kurs nəzərdə tutulub və hər kursa cəmi 6 nəfər qəbul edilir. Bu, il ərzində 126 yer deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən isə 2025-ci ilin əvvəlinə ölkədə 563 otorinolarinqoloq fəaliyyət göstərib.
Həkimlər həmçinin qeyd ediblər ki, bəzi kurslara LOR mütəxəssisləri ilə yanaşı üz-çənə cərrahları da qəbul olunur, kurslardan biri isə yalnız dövlət müəssisələrində çalışan bölgə həkimləri üçün nəzərdə tutulub. Regionlarda işləyən həkimlər üçün Bakıya gəlib kurs keçmək əlavə yol və qalma xərcləri tələb edir.
İnstitut: qəbul planı resurslara görə müəyyən edilir
ADHTİ-nin açıqlamasında bildirilir ki, kurslar Səhiyyə Nazirliyinin təsdiq etdiyi “2026/2027-ci tədris ili üçün Həkim və əczaçıların təkmilləşdirmə kurslarının Təqvim Planı” əsasında təşkil olunur. Hər kursa qəbul olunan müdavimlərin sayı kafedraların pedaqoji ştatı, müəllimlərin dərs yükü, tədris otaqlarının və praktiki bazaların tutumu, eləcə də ixtisasın cərrahi və ya terapevtik olması nəzərə alınmaqla müəyyən edilir.
İnstitut vurğulayıb ki, qanunvericilikdə ölkədə çalışan bütün həkimlərin hər il mütləq şəkildə təkmilləşdirmə kursuna cəlb olunması nəzərdə tutulmayıb. Açıqlamada deyilir: “Dövlətin məqsədi bütün həkimləri yalnız Təkmilləşdirmə İnstitutundan asılı vəziyyətə salmaq deyil. Qanunvericilik kredit toplamaq imkanını yalnız bir qurumun öhdəsinə buraxmır”.
250 kredit necə toplanır
Nazirlər Kabinetinin 2025-ci il 27 noyabr tarixli qərarı ilə təsdiqlənmiş yeni sertifikasiya qaydalarına görə, həkim 5 il ərzində minimum 250 kredit, yəni ildə orta hesabla 50 kredit toplamalıdır. Davamlı tibbi təhsil (DTT) qaydaları isə Səhiyyə Nazirliyinin 2017-ci il tarixli 45 nömrəli əmri ilə müəyyən edilib.
İnstitutun izahına görə, kreditlər iki əsas yolla toplanır:
- akkreditə olunmuş təkmilləşdirmə kurslarında iştirak;
- akkreditə olunmuş elmi-praktik konfranslar, beynəlxalq tibbi konqreslər, seminarlar, təlimlər və vebinarlar, elmi məqalə nəşri, elmi məruzə, ixtisas üzrə pedaqoji fəaliyyət və elmi tədqiqatlar.
Qeyd edək ki, Medicina.az-ın araşdırmasında Səhiyyə Nazirliyinin sertifikasiya ilə bağlı sual-cavabına istinadən bəzi hallarda həkimin son beş ildə ən azı bir dəfə öz ixtisası üzrə ixtisasartırma kursu keçməsinin vacib olduğu da xatırladılıb.
Kurslara qəbul VSİS üzərindən aparılır
Açıqlamaya görə, həkim və əczaçıların kurslara göndərilməsi Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) vasitəsilə həyata keçirilir. Həkimin hansı növbədə kursa gedəcəyini çalışdığı tibb müəssisəsi müəyyən edir, qəbul isə iş yerinin təqdimatı, VSİS-dəki müraciət və açıq yerlərin olması əsasında aparılır. Kurslar dövlət tibb müəssisələrində çalışan həkimlər üçün ödənişsiz, özəl tibb müəssisələrinin həkimləri üçün isə ödənişlidir.
İnstitut həmçinin aydınlaşdırıb ki, LOR kurslarına üz-çənə cərrahlarının qatılması ixtisaslararası əməkdaşlıq məqsədi daşıyır, ümumi və plastik cərrahlar isə bu kurslara qəbul edilmir. Açıqlamada vurğulanır ki, həkim yeni ixtisasa yalnız müvafiq rezidentura təhsilini başa vurmaqla yiyələnə bilər və təkmilləşdirmə kursu ixtisas dəyişikliyi demək deyil.
Mənbə: Medicina.az




Şərhlər