Gündə 6 saatdan çox oturmaq ölüm riskini artırır
12 May 2011 Cümə Axşamı 11:13
Kişilərdə 20, qadınlarda isə bu risk 40 faiz çoxalır
Gündə 6 saatdan artıq oturaq həyat tərzi vaxtından əvvəl ölüm riskini 40 faiz artırır. Yeni aparılan araşdırmalar oturaq işin yeni təhlükəsini üzə çıxarıb. Araşdırmaçılar müasir insanların həyat tərzinin tamamilə oturaq olmasından narahatdırlar.

"Medical Coding" tədqiqat mərkəzinin araşdırmasının nəticəsinə görə, oturmaq müddətinin uzunluğu ofis işçilərinin həyatını bir neçə dəfə qısaldır.

"Oturmaq insanları kökəldir, tənbəlləşdirir və zəiflədir. Bu da bizim həyatımız bahasına başa gəlir", deyə alimlər xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, gündə 6 saatdan artıq oturan kişilərdə gənc yaşda həyatdan köçmək riski 20, qadınlarda isə 40 faizdir.

Sən demə, oturaq vəziyyətdə çox qalanda orqanizmdə yaxşı təsirə malik olmayan proseslər gedir. Belə ki, əzələlərin elektrik aktivliyi sıfıra enir, kalori yandırılması azalır, maddələr mübadiləsini gücləndirən və hüceyrələrdə sintez olunan enzimlərin (biomolekul) yaranma faizi aşağı düşür.

Bundan əlavə, iş şəraiti oturaq olanlar daha çox gəzənlərlə müqayisədə ürək xəstəliklərindən iki dəfə çox əziyyət çəkirlər.

Bəşəriyyət tarixində ilk dəfə olaraq orta oturmaq göstəricisi 9,5 saata çatıb.

"Faktlar bizim oturmağa yatmaqdan daha çox vaxt sərf etdiyimizi göstərir. Belə ki, yuxu üçün müasir insan gündə ən çoxu 7 saat vaxt ayırır", deyə hesabatda qeyd edilir.

Oturaq həyat tərzinin fəsadlarını aradan qaldırmaq insanın öz əlindədir. Hər kəs bunun üçün ən azı nir neçə cəhd edə bilər. Ən yaxşı variant isə gündə ən azı 30 dəqiqə gəzmək, fiziki aktivliyi artırmaq və mümkün qədər ofis daxilində gəzməyə, ayaq üstə dayanmağa çox vaxt ayırmaqdır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar