Azərbaycanda süni mayalanma pulsuz ola bilər
29 Oktyabr 2013 Çərşənbə Axşamı 18:05
"Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisin payız sessiyasında yenidən müzakirəyə çıxarılması gözlənilir.
Azərbaycanda ekstrokorporal mayalanma (süni mayalanma) əhalinin müəyyən təbəqəsi üçün pulsuz həyata keçirilə bilər. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bu məsələnin öz əksini tapdığı "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisin payız sessiyasında yenidən müzakirəyə çıxarılması təklif edilib. Layihədə reproduktiv texnologiyanın tətbiqi ilə ekstrokorporal mayalanmanın dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi təklif edilir. Bu əməliyyatın olduqca bahalı olduğunu deyən M.Quliyev deyib ki, bu işin dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi çox vacibdir. Ancaq ekstrokorporal mayalanma dövlət büdcəsi hesabına sosial cəhətdən zəif müdafiə olunan əhali qrupuna tətbiq edilməlidir. Digər tərəfdən, icbari tibbi sığorta sistemi tətbiqi edilərsə, onda ekstrokorporal mayalanma icbari tibbi xidmətlər paketinə də daxil edilə bilər.
M.Quliyev deyib ki, Maliyyə Nazirliyi icbarı tibbi sığorta sistemi tətbiq edildikdən sonra dövlət vəsaiti hesabına ekstrokorporal mayalanmanın həyata keçirilməsini istəyir: "Biz isə deyirik ki, qanun qəbul olunsa, ekstrokorporal mayalanmanın dövlət vəsaiti hesabına həyata keçirilməsi mexanizmi tam işə düşsün. Bu, heç olmasa, sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslər üçün tətbiq olunsun. Qalan şəxslər üçün isə bu xidmət icbarı tibbi sığorta paketində təklif edilsin. Hazırda bununla bağlı müzakirələr aparılır".
Layihədə razılaşdırılmayan məqamların olduğunu nəzərə çatdıran M.Quliyevin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi layihədəki donorluq məsələsindən narazı qaldığı üçün yaz sessiyası dövründə komitəyə etiraz məktubu göndərib. "Bu layihə yaz sessiyasının gündəliyində olsa da, bu səbəbdən gündəlikdən çıxarılıb".
Komitənin sədr müavininin sözlərinə görə, 1998-ci ildə qəbul olunmuş "Əhalinin sağlamlığının qorunması haqqında" qanun layihəsində donorluq məsələsi bir müddəa kimi öz əksini tapıb: "İndi layihədən donorluğu çıxartmaq geriyə addım olacaq. Biz bu məsələni layihədən çıxarsaq, bu, dünya tərəfindən anlaşılmayacaq. Onlar fikirləşəcəklər ki, Azərbaycan dini dövlət olurmu?
Komitənin sədr müavini qeyd edib ki, "Ailə planlaşdırılması və reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində ən gərəkli və təxirəsalınmaz məsələ selektiv abortların qadağan olunmasıdır.
Onun sözlərinə görə, hamiləliyin 12-ci həftəsindən sonra abortların yalnız konsiliumun qərarı ilə həyata keçirilməsi, uşaqların cinsinə görə ultrasəs müayinəsinin aparılması təklif olunur. Ancaq bu məsələ ilə bağlı bir istisna var. Bu istisna isə ondan ibarətdir ki, uşaqda irsi genetik xəstəlik olduqda cinsə görə müayinənin aparılmasına icazə verilir.
DOSTLARINLA PAYLAŞ: