Aroma şirələrinin satışına qadağa qoyuldu
28 İyul 2010 Çərşənbə 10:00
Aroma şirələrinin satışına qadağa qoyuldu. “Bakı KEL” kiçik müəssisəsində monitorinq aparılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında apardığı monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən “Bakı KEL” kiçik müəssisəsində istehsal olunan “Prince”, “KEL”, “Premyer” adlı nektarlardan, “Aroma” adlı şirə və nektarlardan, “Aqua Lux” adlı qazlı sulardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Aroma” adlı nektar və şirələrdə, “KEL”, “Prince” adlı nektarlarda quru maddənin kütlə payının normadan az, titirlənən turşuların payının normadan çox olduğu, “Aqua Lux” adlı qazlı sularda mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformalar) olduğu və bu məhsulların insan sağlamlığı üçün təhlükəli olması müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən müəssisənin anbarındakı məhsulların satışı dayandırılıb və insan orqanizmi üçün təhlükəli olan 17 ton nektar, şirə və qazlı suların məhv edilməsi barədə “Bakı KEL” kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları “Bakı KEL” kiçik müəssisəsində istehsal edilən keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli nektar, şirə və qazlı suları almamağa çağırır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar