7,5 aylıq uşağa qara ciyər köçürülüb
30 Noyabr 2010 Çərşənbə Axşamı 16:50
Massalıdan olan körpəyə 23 yaşlı qohumu donorluq edib
Mərkəzi Neftçilər Xəstəxanasında növbəti nadir cərrahiyyə əməliyyatı keçirilib. Masallıdan olan 7 ay yarımlıq körpə üzərində qaraciyərin transplantasiyası əməliyyatı aparılıb. Əməliyyata rəhbərlik edən cərrah Mircəlal Kazımi bununla bağlı bu gün keçirilən mətbuat konfransında bildirib ki, qaraciyərin transplantasiyası əməliyyatı artıq ölkəmizdə 12 xəstəyə tətbiq edilib. Onlardan ikisi xarici vətəndaşdır. Lakin ilk dəfədir ki, bu qədər kiçik yaşda uşaq üzərində belə bir əməliyyat aparılıb. Təxminən 6 saat davam edən cərrahi müdaxilə uğurla nəticələnib.
Xəstə hazırda reanimasiya şöbəsindədir və vəziyyəti normaldır.
Həkimin verdiyi məlumata görə, xəstəyə 23 yaşlı qohumu donorluq edib. Əməliyyat yerli həkimlərin və xəstəxananın avadanlığı hesabına həyata keçirilib. M.Kazıminin sözlərinə görə, yaxın vaxtlarda xəstəxanada böyrəyin transplantasiyasının reallaşdırılması da planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda qara ciyərin transplantasiyası əməliyyatı 2008-ci ilin dekabr ayından həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: