Sumqayıtda düşesin tərkibində bağırsaq çöpləri aşkarlanıb
24 İyul 2012 Çərşənbə Axşamı 17:42
İstehlaka yararsız 166 litr düşes limonadları məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 176 A ünvanında Mirağa Mehdiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes limonadlarının reseptura olmadan istehsal edildiyi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal olunan düşes limonadlarının tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeksin) normadan çox olduğu aşkar edilib.
İstehlaka yararsız 166 litr düşes limonadlarının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Mirağa Mehdiyevə icrası məcburi göstəriş verilib.
Artıq həmin mallar Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
DOSTLARINLA PAYLAŞ: