“Azərenerji” də “qaynar xətt” yaratdı
21 Oktyabr 2010 Cümə Axşamı 12:35
“Qaynar xətt”lə stasionar, habelə mobil telefonlardan birbaşa, ödənişsiz əsaslarla əlaqə saxlamaq olar.
“Azərenerji” ASC-nin “qaynar xətt” xidməti fəaliyyətə başlayıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan sonra vətəndaşlar (istehlakçılar) elektrik enerji təchizatı ilə bağlı yaranmış problem, təklif və suallarla sutka ərzində istənilən vaxt 186 nömrəsinə zəng edə bilərlər.

Eyni zamanda istehlakçılar elektrik enerjisindən istifadə qaydaları və onun tətbiqi (qayda pozuntusuna görə itirilmiş elektrik enerjisinin bərpa edilmiş istehlak dəyərinin hesabatı, hesablaşma elektrik sayğacı sərhəd nöqtəsində quraşdırılmadıqda sayğac quraşdırıldığı yerdən sərhəd nöqtəsinə qədər elektrik enerjisi itkisinin (texnoloji itkinin) hesabatı, istehlakçıya məxsus transformatorun elektrik enerjisi itkilərinin hesabatı və s.), eləcə də istehlakçıları elektrik enerjisi sistemi ilə bağlı maraqlandıran digər sualların da “qaynar xətt” vasitəsilə cavablandırılması nəzərdə tutulur.

Bu xidmətdən əsasən Səhmdar Cəmiyyətin paylayıcı elektrik şəbəkə müəssisələrinin xidməti ərazilərində olan elektrik enerjisi istehlakçıları istifadə edə biləcəklər. Yeri gəlmişkən, “qaynar xətt” telefonu ilə respublikanın istənilən regionundan stasionar, habelə mobil telefonlardan birbaşa, ödənişsiz əsaslarla əlaqə saxlamaq olar.

Qeyd edək ki, “Azərenerji” ASC respublikada elektrik enerjisinin istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirir. Bununla yanaşı, ASC hazırda Bakı şəhəri və onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını həyata keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar