Səhiyyə Nazirliyində yeni “qaynar xətt” yaradılıb
28 Fevral 2011 Bazar Ertəsi 13:06
“Qaynar xətt”ə daxil olan müraciətlər birbaşa səhiyyə naziri Oqtay Şirəliyevin nəzarəti altında araşdırılır.
Azərbaycan Səhiyyə Nazirliyində yeni “qaynar xətt” yaradılıb. Bu barədə APA-ya “qaynar xətt”in nümayəndəsi Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, “qaynar xətt”in yaradılmasında məqsəd əhalinin şikayətlərini, onları maraqlandıran məsələləri dinləmək və operativ araşdırmaqdan ibarətdir.
Gün ərzində 50-dən çox müraciət qəbul etdiklərini deyən R. Nağıyev onların yalnız 10 faizinin şikayət xarakterli olduğunu bildirib: “Daxil olan şikayətlər əsasən dərman preparatları ilə bağlıdır. Bu şəxslər aptekdə satılan dərmanları pulsuz əldə etmək istədiklərini bildirirlər. Bundan başqa, müəyyən xəstəlikləri olan şəxslər “qaynar xətt” vasitəsilə məsləhət almaq üçün müraciət edir. Bununla yanaşı, Səhiyyə Nazirliyinə aidiyyəti olmayan müraciətlər də daxil olur. Daxil olan hər bir müraciət tərəfimizdən dərhal araşdırılır və şikayətçiyə operativ cavab verilir”.
R. Nağıyev bildirib ki, “qaynar xətt”ə daxil olan müraciətlər birbaşa səhiyyə naziri Oqtay Şirəliyevin nəzarəti altında araşdırılır.
Səhiyyə Nazirliyinin “qaynar xətt”inə müraciət etmək istəyən şəxslər aşağıdakı telefonlara zəng edə bilərlər:
(012) 565 12 64, 495 40 15, 495 35 39; ANSPRESS
DOSTLARINLA PAYLAŞ: