Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan olunub
31 Avqust 2010 Çərşənbə Axşamı 20:05
11 dövlət orqanında 67 vakant vəzifə üçün müsabiqə və müsahibə keçiriləcək.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası sentyabrın 1-dən 11 dövlət orqanında 67 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edir.

Komissiyadan verilən məlumata görə, 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si yerli məhkəmə orqanlarının aparatlarında olan vakant dövlət qulluğu vəzifələrindən 32-si müsabiqəyə, 35-i isə müsahibəyə çıxarılır.

Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, biri isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü - dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti sahəsində bilikləri yoxlanılacaq.

İmtahana hazırlaşmaq üçün ətraflı məlumat, Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Müsahibəyə çıxarılan vakant vəzifələrdən 25-i inzibati vəzifələrin altıncı təsnifatına, biri inzibati vəzifələrin yeddinci təsnifatına, dördü inzibati vəzifələrin səkkizinci təsnifatına, beşi isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında həmin inzibati vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı beş il qulluq stajı olan və dövlət orqanında həmin vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək üçün isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.

Müsabiqə və müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 2010-cu il 1 sentyabr tarixli nömrəsində və sentyabrın 1-dən Komissiyanın rəsmi internet saytında - www.dqmk.gov.az və www.csc.gov.az veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar