ABŞ-nin Las-Veqas şəhərində davam edən güləş üzrə U-23 dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb: yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) oktyabrın 14-ü Bakı vaxtı ilə səhər saatlarında keçirilən finalda qazaxıstanlı Aybek Aytbekova məğlub olaraq gümüş medala sahib çıxıb. Azərbaycan Güləş Federasiyasının (AGF) məlumatına görə, həlledici görüş 4:12 hesabı ilə başa çatıb.
Elmir Əliyev titulunu qoruya bilmədi
Ötən il bu çəkidə U-23 dünya çempionu olmuş Elmir Əliyev Las-Veqasa titulunu müdafiə etmək məqsədilə gəlmişdi. Təmsilçimiz yarışın ilk günündə 1/8 finalda polşalı Oliviye Tomaş Skşipçakı tam üstünlüklə (8:0), 1/4 finalda qırğızıstanlı Kubaniç Arinovu (7:3), yarımfinalda isə özbəkistanlı Mehroc Bəhramovu (4:2) məğlub edərək ardıcıl ikinci il finala yüksəlmişdi. Beynəlxalq Güləş Federasiyasının (UWW) yazdığına görə, Əliyev yarımfinalda qələbəni görüşün son dəqiqəsində etdiyi yerə yıxma fəndi ilə qazanıb.
Finalda isə qazaxıstanlı rəqib daha üstün olub. Qeyd edək ki, UWW-nin rəsmi nəticələrində görüşün hesabı 13:4 kimi göstərilib. Bu çəkidə bürünc medalları yaponiyalı Seyma Tokuhara və yarışın gedişində Elmirə uduzan Kubaniç Arinov qazanıb.
Fərid Xəlilov bürünc görüşündə uduzdu
Yarışın ikinci günündə medal şansı olan digər güləşçilərimiz fəxri kürsüyə qalxa bilməyiblər. Fərid Xəlilov (72 kq) təsəlliverici görüşdə moldovalı Vasile Zabikanı “tuş”la üstələsə də, bürünc medal uğrunda qarşılaşmada türkiyəli İbrahim Özdəmirə 0:10 hesabı ilə məğlub olub və çempionatı 5-ci pillədə başa vurub. Xəlilovu 1/4 finalda məğlub edən qazaxıstanlı Yussuf Aşrapov sonda dünya çempionu adını qazanıb.
Məhəmməd Şükürzadə (67 kq) ilk təsəlliverici görüşdə qazaxıstanlı Tolegen Amirxanova 5:2 hesabı ilə qalib gəlib, lakin ikinci görüşdə gürcüstanlı Anri Xozrevanidzeyə 2:7 hesabı ilə uduzub. Elmin Əliyev (82 kq) iki qələbədən sonra 1/4 finalda isveçli Aleksander Yohanssona 2:3 hesabı ilə məğlub olub və rəqibi finala çıxmadığı üçün mübarizəni dayandırıb. İsmayıl Rzayev (97 kq) isə zədə səbəbindən yarışdan çəkilib.
Dörd güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq
Yunan-Roma güləşinin ikinci qrup çəkilərində – 55, 63, 77, 87 və 130 kq-da mübarizəyə start verilib. Fərid Sadıxlı (55 kq) yaponiyalı Kohey Yamaqivanı 7:0 hesabı ilə məğlub etsə də, 1/8 finalda amerikalı Kennet Krozbiyə son xal prinsipi ilə (3:3) uduzub və yarışdan kənarda qalıb.
Digər dörd təmsilçimizin isə medal şansı qalır. Ayxan Cavadov (63 kq) ilk görüşdə yaponiyalı Manato Nakamuraya (3:5), Ruslan Nurullayev (77 kq) misirli Mustafa Alameldinə (1:6) uduzub. Orxan Hacıyev (87 kq) danimarkalı Frederik Matyesen (6:5) və qırğızıstanlı İmur Temirbekov (8:5) üzərində qələbə qazandıqdan sonra 1/4 finalda iranlı Yasin Yazdiyə 2:6 hesabı ilə məğlub olub. Məzaim Mərdanov (130 kq) polşalı Sebastyan Varxolu 10:0 hesabı ilə üstələsə də, 1/4 finalda rusiyalı Ali İlyasova 0:8 hesabı ilə uduzub. Bütün bu rəqiblər finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşlərə çıxacaqlar.
AGF-nin açıqladığı cədvələ əsasən, çempionatda gündüz seansı Bakı vaxtı ilə 21:30-da, axşam seansı isə 04:45-də başlayır. Beləliklə, bu çəkilərdə medal görüşlərinin nəticələri oktyabrın 15-i səhər saatlarında məlum olacaq.
Qadın və sərbəst güləşçilər növbədədir
Yunan-Roma güləşindən sonra yarışa qadın güləşçilər qoşulur. UWW-nin rəsmi saytındakı məlumata görə, qadın güləşi üzrə ilk çəkilərdə mübarizəyə başlanılıb, lakin bu sətirlər yazılarkən Azərbaycan güləşçilərinin nəticələri hələ açıqlanmamışdı. Ölkəmizi Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) təmsil edəcəklər. Çempionatın son günlərində isə 10 nəfərlik sərbəst güləş yığmamız xalçaya çıxacaq. Ümumilikdə Las-Veqasda Azərbaycanı 23 güləşçi təmsil edir.
UWW-nin məlumatına görə, yunan-Roma güləşində komanda hesabında birinci yer uğrunda əsas mübarizəni İran və Rusiya yığmaları aparır.
Böyüklər yığması Astanaya hazırlaşır
Bu arada yunan-Roma güləşi üzrə əsas millimiz baş məşqçi Məhəmməd Bənanın rəhbərliyi altında dünya çempionatına son hazırlığa başlayıb. Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda yunan-Roma güləşi üzrə yarışlar oktyabrın 24-dən 27-dək, qadın güləşi üzrə yarışlar isə 27–30 oktyabrda baş tutacaq.




Şərhlər