Paytaxtda dövriyyəyə saxta pul buraxan dəstə zərərsizləşdirilib.
Paytaxtda külli miqdarda saxta əskinas hazırlayan dəstə üzvlərinin tutulması hər kəsi ehtiyyatlı olmağa vadar edir.
Belə ki, paytaxt polisi saxta pul hazırlayaraq dövriyyəyə buraxan dəstəni zərərsizləşdirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində saxlanan 4 nəfərin üzərindən ümumilikdə 10 000 manat dəyərində saxta əskinas götürülüb. O da məlum olub ki, bu şəxslər narkotik vasitə müqabilində saxta pulları dövriyyəyə buraxırmışlar. Hazırda bu fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Lakin bu şəxslərin dövriyyəyə buraxdığı saxta əskinaslarla hər kəs rastlaşa bilər. Bəs, pulun saxta olduğunu necə yoxlamaq olar?
Bunu müəyyən etmək bir qədər çətin olsa da, mütəxəssislər bildirirlər ki, diqqətli olmaqla saxta pulları ayırd etmək mümkündür. Saxta əskinas, ilk növbədə, görünüşünə görə əsl puldan fərqlənir. Saxta əskinaslarda rəng əsasən solğun olur. Pulun ölçüsü orijinaldan fərqlənir. Bundan başqa mühafizə elementlərində də fərq hiss edilir.
Əskinasların mühafizə elementləri təkmilləşdikcə saxta əskinas fırıldaqçıları da texnologiyaları təkmilləşdirirlər. Buna görə, bəzən saxta əskinası adi gözlə müəyyən etmək çətin olur. Bu zaman xüsusi ultrabənövşəyi işıq altında pulun həqiqiliyini görmək mümkün olur. Belə ki, bu cür şüa əsl pulun gizli nişanlarını göstərdiyi halda saxta pulda bu, olmur. Müşahidələr göstərir ki, Azərbaycanda daha çox manat və ABŞ dolların saxtalaşdırılmasına rast gəlinir. Bu pulları vətəndaşlara vermək üçün isə xüsusi yerlər seçilir.
Bank mütəxəssisi Gəray Məmmədov söyləyir ki, saxta pullar insanlara avtovağzallar, hava limanları, vağzallarda verilir: “Çox vaxt insanların tələsməyindən istifadə edirlər. Məsələhətdir ki, saxta və həqiqi pulun hərəsini bir əllərində tutub yoxlasınlar, əl ilə hiss olunur”.
Əgər sizə verilən pulun saxta olduğunu sonradan anlamısınızsa, yaxşı olar ki, hüquq-mühafizə orqanlarına müraciət edəsiniz.