Vətəndaşlara yaşadığı mənzilin çıxarış sənədi olmadan niyə şəxsiyyət vəsiqəsi verilmir?
Yadulla Əzizov 16 yaşlı qızı Ayselə şəxsiyyət vəsiqəsi ala bilmir. Bu böyük problemdir. Çünki 16 yaşlı Aysel şəxsiyyət vəsiqəsi ala bilməsə, yeni qaydalara görə 9-cu siniflər üçün buraxılış imtahanına buraxılmayacaq. Bu isə onun orta məktəbə təhsilinin yarımçıq qalması ilə nəticələnə bilər.
1996-cı ilə qədər ailə Mirzə Davud küçəsində atasının evində yaşayırmış. Müharibədən qayıtdıqdan sonra Yadulla Əzizov sovxozdan pay aldığı torpaqda ev tiksə də, ona hamının kupça kimi tanıdığı çıxarışı ala bilmir. Bu sənədsiz isə onun qızına şəxsiyyət vəsiqəsi vermirlər. Yalnız Bakı şəhərində sənədsiz evlərin sayı təxminən 500 000 yaxındır. Bu isə o deməkdir ki, bir milyondan çox adam şəxsiyyət vəsiqəsiz qala bilər.
Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi Əli Əliyev deyir ki, yaşayış yerini dəyişən vətəndaşlar mütləq 10 gündən gec olmayaraq köçdükləri yerə qeydiyyata düşməli və yeni şəxsiyyət vəsiqəsi almalıdırlar.
Qeydiyyata düşmək üçün isə vətəndaş digər sənədlərlə yanaşı köçdüyü mənzilin dövlət reystrindən çıxarışını, order təqdim etməlidir. Bu və eləcə də digər sənəd olmadığı halda isə qanunvericilikdə alternativ variantlar nəzərdə tutulub.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi Əli Əliyev deyir ki, Nazilər Kabinetinin sərəncamı ilə vətəndaş yerli şəxsiyyət vəsiqəsi idarəsində şərti qeydiyyata götürülür və şəxsiyyət vəsiqəsi ilə təmin olunur.
Beləliklə, Aysel Əzizov və onun kimi minlərlə gəncin probleminin həlli yolu Daxili İşlər Nazirliyinin rayon qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrindən keçir. Buraxılış və qəbul imtahanlarının yaxınlaşdığını nəzərə alaraq bu gənclərə indi ancaq tələsmək qalır.