Metrobus Bakıya gələcək?
18 Fevral 2013 Bazar Ertəsi 09:32
Nazirlik rəsmisi: Müəyyən ölkələrdə metrobus öz səmərəsini verib.
Bakı şəhərində tıxac, ictimai nəqliyyatın problemlərinin həlli üçün müxtəlif işlər görülür, böyük layihələr həyata keçirilir. Paytaxtda körpü və tunellərin tikintisi, intellektual nəqliyyat sisteminin işə düşməsi də bu problemləri aradan qaldırmadı. Bakıda avtomobillərin sayının günbəgün artmasını nəzərə alsaq, tıxac probleminin həlli inandırıcı görünmür.

Dünyanın bir sıra ölkələrində sərnişindaşımanı asanlaşdırmaq üçün effektli nəqliyyat vasitəsindən-metrobusdan istifadə olunur. Metrobus ən müasir, əlverişli və üstün şəhər nəqliyyatı növüdür. Üç əsas müsbət parametri - qısa hərəkət intervalı və tez çatdırma, əhalinin yüksək sıxlığı olan şəhərin mərkəzi hissələrinə işləyə bilməsi, uyğunlaşma, ekoloji təmiz, alternativ nəqliyyat rejimi və komfortluğu özündə birləşdirir.

Metro ilə avtobusun birləşməsi nəticəsində meydana çıxmış bir ictimai şəhər sərnişindaşıma növünün Bakıda tətbiqi mümkündürmü?

Ekspertlər metrobusun Bakı şəhərində qurulmasını inandırıcı saymırlar. Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov Milli.Az-a açıqlamasında bildirdi ki, metrobusun tətbiqi əvvəlcədən planlaşdırılmalıdır. Onun sözlərinə görə, hansısa ölkədə metrobus tətbiq edilərkən həmin şəhərin infrastrukturu, tikintisi əvvəlcədən planlaşdırılıb: “Bakıda isə bunun tətbiqinə inanmıram. Heç Bakıda tıxacları aradan qaldıra bilmirlər. Şəhərdə avtobuslar üçün ayrıca yollar olmalıdır. Bakıda hərəkət o qədər sıxdır ki, pik saatlarında hərəkət tamamilə çətinləşir”.

Ekspert hesab edir ki, metro xətlərinin sıxlaşdırılması Bakı üçün metrobusdan daha səmərəlidir.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov metrobusun Bakı üçün hazırda gündəmdə olmadığını bildirdi. Nazirlik rəsmisi Milli.Az-a açıqlamasında qeyd etdi ki, metrobusun Bakıda tətbiqinə zərurət var. Onun fikrincə, tıxacı aradan qaldırmaq üçün müxtəlif üsullardan biri də metrobus ola bilər. Çünki müəyyən ölkələrdə metrobus öz səmərəsini verib:

“Dünyanın bir çox ölkəsində yoxdur. Metrobus Cənubi Amerika ölkələrindən dünyaya yayılmış nəqliyyat vasitəsidir. Türkiyədə də tikilib. Azərbaycanda da gələcəkdə ola bilsin ki, bu mövzu müzakirə obyektinə çevrilsin. Metrobus üçün xüsusi yollar, zolaqlar lazımdır və sürətli yol olmalıdır. Ola bilsin ki, Bakının inkişafı ilə əlaqədar olaraq bu məsələ də müzakirə olunacaq. Amma hələ ki, müzakirə mövzusu deyil”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar